Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimov vəkil Aqil Layıcovdan Vəkillər Kollegiyasına şikayət edib.
C.Qədimov şikayət məktubunda vəkil Aqil Layıcovun iclasda mantiya geyinmədiyini və zaldan çıxanda qapını çırpdığını yazıb.
Aqil Layıcov Toplum.Tv-yə açıqlamada bildirib ki, şikayətlə razılaşmır: "Ceyhun Qədimov mənə şər atır, o, ərizə yazıb ki, guya mən mantiya geyinməmişəm, ancaq belə bir hal baş verməyib. Mən ötən il, dekabrın 14-də Ceyhun Qədimovdan Məhkəmə Hüquq Şurasına şikayət etmişəm, dekabrın 21-də Məhkəmə Hüquq Şurası mənim şikayətimi göndərib Suraxanı Rayon Məhkəməsinə. Hansı ki şikayətimə elə özləri baxmalı idilər. Ceyhun Qədimov da məndən əvəz çıxmaq üçün Vəkillər Kollegiyasına şər-böhdan dolu məktub yazıb, guya mən mantiyanı geyinməmişəm, onun üzünə qapı çırpmışam və sərt şəkildə ona demişəm ki, səni Məhkəmə Hüquq Şurasına şikayət edəcəm. Bəli, Məhkəmə Hüquq Şurasına şikayət edəcəyimi demişdim, əlbəttə, o, hakim olaraq məni iclasa buraxmağa borclu idi. Məhkəmə binası nə Ceyhun Qədimovundu, nə də bir başqasının. O bina Azərbaycan Respublikasının mülküdür və Ceyhun Qədimovu ora qanunlara əməl etmək üçün qoyublar. Mantiya məsələsinə gəlincə, o, yenə yalan danışır. Çünki məni prosesə buraxmayıb ki, məndən mantiya tələb eləsin”.
Aqil Layıcov yanvarın 30-da Ceyhun Qədimov barədə Ədliyyə Nazirliyinə şikayət etdiyini də deyib: "Mən özüm məhkəməyə gedib sənəd təqdim etmişəm ki, kamera görüntülərini versinlər, görək mən orda qapı çırpmışam, ya yox. Çox təəssüflər olsun ki, son zamanlar hüquq müdafiəçilərinin və vəkillərin üzərinə qapı çırpma şikayəti ilə gəlirlər. Azərbaycanda çox nadir hallarda olur ki, hakimlər özlərini məhkəmənin xanı kimi aparır. Ceyhun Qədimov da özünü aparma qabiliyyəti olmayan, vəkillərə qarşı mədəniyyətsizlik edən bir insandır. Mən ondan dünən də Ədliyyə Nazirliyinə və Prezident Administrasiyasına şikayət etdim. Düşünürəm ki, Vəkillər Kollegiyası obyektiv qərar qəbul edəcək, çünki mən heç bir qanun pozuntusu etməmişəm”.
Məsələ ilə bağlı Vəkillər Kollegiyasının sədri Anar Bağırovla əlaqə yaratsaq da, o, açıqlama verməkdən yayındı.
Vəkillər Kollegiyasının sədr müavini Aydın Axundov isə dedi ki, şikayətlə bağlı məlumatsızdır, bu məsələ İntizam Komissiyasının səlahiyyətindədir.
İntizam komissiyasının sədri Şahmar Məmmədovdan münasibət öyrənmək mümkün olmadı