“Salih Müslümün Türkiyəyə təhvil verilməsi ilə bağlı Çexiya Ədliyyə Nazirliyinə müraciət edilib”.
Bunu Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ deyib.
Onun sözlərinə görə, terrorçu PYD-nin keçmiş həmsədri Salih Müslümün Avropaya son səfəri zamanı Çexiyadakı otellərdən birində qaldığına dair məlumat əldə ediblər.
B.Bozdağ bildirib ki, "İnterpol"un Türkiyə Milli Bürosu Çexiyadan S.Müslümün tutulmasını tələb edib:
“Onlar da lazım olanı ediblər. Ötən gün onunla bağlı dosye Çexiyanın Ədliyyə Nazirliyinə təqdim olunub. Fevralın 26-da Salih Müslüm məhkəmə qarşısına çıxarılacaq və qərar veriləcək. Türkiyə onun təhvil veriləcəyini gözləyir”.
Terrorçu PKK-nın Suriyadakı qollarından biri olan PYD-nin keçmiş həmsədri Salih Müsüm "İnterpol" xətti ilə axtarışa verilib. O, fevralın 24-də Praqada saxlanılıb. Salih Müslümün adı Türkiyə Daxili İşlər Nazirliyinin qatı cinayətkarlar siyahısına salınıb. Onun tapılması üçün 4 milyon türk lirəsi (1 milyon ABŞ dollarından çox) mükafat vəd edilib.