Türkiyə Afrin əməliyyatıyla bağlı Fransanın dediklərini “təhqir” sayır

Türkiyə Afrin əməliyyatıyla bağlı Fransanın dediklərini “təhqir” sayır
1 Fevral 2018
Mətni dəyiş

Bu gün- fevralın 1-də Türkiyə Suriyanın şimalında apardığı hərbi əməliyyatla bağlı Fransanın yozumunu “təhqir” adlandırıb.

“Reuters” agentliyi yazır ki, bu, Ankarayla NATO müttəfiqləri arasında Afrin əməliyyatıyla əlaqədar gərginliyin qaldığını göstərir.

Fransa prezidenti Emmanuel Macron bir gün öncə xəbərdarlıq edib ki, Afrin regionundakı əməliyyat Suriyanın işğalına bəhanə olmamalıdır və o, Ankaranın hərəkətlərini müttəfiqləri ilə koordinasiya etməsini istəyir.

Türkiyə təxminən iki həftədir Afrindəki kürd YPG qruplaşmasını hədəfə alan “Zeytun budağı” əməliyyatına başlayıb. Ancaq bu əməliyyat Qərblə münasibətləri gərginləşdirib, özəlliklə də kürd yaraqlıları dəstəkləyən Birləşmiş Ştatlarla. ABŞ Suriyanın digər yerlərindəki kürdlərə qurudakı hərbçiləriylə dəstək göstərir.

“FRANSA KİMİ BİR ÖLKƏNİN...”

“Fransa kimi bir ölkənin beynəlxalq hüquqlar çərçivəsində apardığımız əməliyyatla bağlı bizə nəyisə xatırlatmasını təhqir sayırıq”, – xarici işlər naziri Mevlut Cavusoglu Ankarada jurnalistlərə deyib.

“Özünümüdafiə hüququmuzdan istifadə edirik, bu, BMT-nin Təhlükəsizlik Şurasının qərarlarına uyğundur və işğal deyil. İkiüzlü olmamalıdırlar”, – nazir söyləyib.

Fransa da ABŞ kimi Suriyada İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına qarşı vuruşan, YPG-nin rəhbərlik etdiyi yaraqlılara silah və təlimlə yardım göstərib. Bu isə Türkiyəni qəzəbləndirib. Ankara YPG-ni qadağan olunmuş PKK-nın bir qanadı sayır.

ABŞ və Avropa Birliyinin də terror təşkilatı hesab etdiyi PKK onillərdir Türkiyənin cənub-şərqində muxtariyyət uğrunda mübarizə aparır.

Cavusoglu Cenevrədəki Suriya sülh danışıqlarının canlanmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bundan ötrü Suriya hökuməti danışıqlara başlamalıdır.

Qeyd edək ki, bu həftə Rusiyanın Soçi şəhərində Moskvanın təşkilatçılığyıa danışıqlar keçirilib. Rusiyanın Milli Dialoq Qurultayı adlandırdığı danışıqlar yanvarın 30-da demokratik seçkiyə çağıran bəyanatla bitib. Ancaq müxalifətin əsas tələbləri gözardı olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun