Fevralın 20-də Tehranda sufi müsəlmanlarla toqquşmalarda beş təhlükəsizlik əməkdaşı və bir sufi öldürülüb, 300 nəfər həbsə atılıb.
Bu haqda polis fevralın 20-də məlumat yayıb.
Qonabadi ordeninin üzvləri polis məntəqəsi qarşısında dini icmanın azı bir üzvünün həbsinə etiraz etməyə toplaşıblar.
Fevralın 20-də polisin sözçüsü Saeed Montazer Almehdi deyib ki, İslam İnqilab Keşikçiləri Qvardiyasına bağlı Bəsici hərbi qüvvəsinin iki üzvü öldürülüb.
Montazer Almehdi avtobusun sürücüsü daxil olmaqla, 300-dən çox adamın həbs olunduğunu bildirib.
Ancaq bu rəsmi rəqəmi dəqiqləşdirmək mümkün olmayıb.
Bir videoda etirazçılar təhlükəsizlik qüvvələrinə deyirlər ki, savaşmaq istəmirlər, amma başqa seçimləri də yoxdur.
Qonabadinin 90 yaşlı lideri Nurali Tabandeh-in tərəfdarları onun Tehrandakı evinin yanında oturaq aksiya keçirirlər, onun polis tərəfindən saxlana biləcəyindən narahatdırlar.
***
İranın hakimiyyət orqanları bildirib ki, Tehranda sufi müsəlman icmasının üzvləri ilə toqquşmada üç polis zabiti öldürülüb.
Rəsmi media polis sözçüsü Said Montazer al-Mahdiyə istinadən xəbər verir ki, polis zabitləri fevralın 19-da “avtobusdan istifadə ilə törədilmiş xain hücumda şəhid olublar”.
O bunu da deyib ki, “qatillər cinayəti törətdikdən saniyələr sonra həbs ediliblər”.
Mühafizəkar Fars xəbər agentliyi bildirib ki, hücum nəticəsində xəsarət almış bir neçə başqa polislər də var.
Sosial mediada dolaşan videoda Tehranın şimalında avtobusun bir dəstə polisə çırpıldığı görünür. Videonun həqiqiliyini yoxlamaq mümkün olmayıb.
Hakimiyyət orqanları bildirir ki, polis sufi Qonabadi ordeninin dərviş kimi tanınan üzvlərinin nümayişini atəş açmaqla və gözyaşardıcı qazlarla dağıdıb.
Onlar yerli polis məntəqisinin qarşısına toplaşaraq təriqət üzvlərinin həbs olunmasına etiraz bildirirdilər.
Tehran valisinin təhlükəsizlik üzrə müavini Mohsen Hamedani deyib ki, bir neçə dərviş həbs olunub və aksiya dağıdılıb.
Sosial mediada yayılmış bəzi videolarda iğtişaş polisinin küçələr boyu qaçaraq qara paltarlı etirazçılarla toqquşduğu görünür.
Beynəlxaql insan haqları təşkilatları çoxdan bəridir ki, İranı Qonabadi sufilərinin təqiblərinə görə tənqid edirlər.
İslamın bir qolu sayılan sufilik İranda qadağan deyil, lakin bir çox insan haqları qrupları sufilərin qısnama vıə diskriminasiyaya məruz qaldıqlarını deyirlər.
Nyu Yorkda mənzillənmiş İranda İnsan Haqları qrupunun verdiyi məlumata görə son iki ayda İranda bir neçə dərviş həbs olunub.
2017-ci ilin martında BMT-nin sufi qrupları üzrə xüsusi məruzəçisi dərvişlərin dövlət tərəfindən təqib edildiyini, habelə onların həbslər və təhdidlərlə üzləşdiyini bildirmişdi.