Bayıl sürüşmə zonasında evlərindən çıxarılan bəzi ailələrə kompensasiyaların verilməsinə başlanıb.
Onlar kompensasiyanı Azərbaycan Beynəlxalq Bankının Səbail filialında bank kartları ilə alacaqlar. Vəsaiti Maliyyə Nazirliyi köçürüb.
Bu barədə Səbail Rayon İcra Hakimiyyətindən məlumat veriblər.
İcra hakimiyyətindən bildirildiyinə görə, kirayə mənzil pulundan ötrü kompensasiyalarının ödənilməsinə fevralın 19-da başlanılıb. Hər ailəyə tərkibindən asılı olaraq ayda ən azı 260 manat verilməlidir.
«67 ailəyə bank vasitəsilə ödəmələr 11 ay ərzində davam edəcək və bu müddət ərzində həmin sakinlərin harada yaşaması məsələsi həll olunacaq», - icra hakimiyyətindən bildiriblər.
Nazirlər Kabineti Bayıl yamacındakı sürüşmə ilə bağlı evlərindən köçürülənlərə kirayə pulunun ödənilməsi barədə fevralın 13-də sərəncam vermişdi.
Sərəncama görə, 98 ailəyə ilkin olaraq müvəqqəti aylıq kirayə haqqının ödənilməsi nəzərdə tutulub.