Keçmiş Gürcüstan prezidenti,Ukraynada müxalifətdə olan “Yeni qüvvələr hərəkatı” partiyasının lideri Mikheil Saakashvili tərəfdarlarını yenidən Kiyevin mərkəzində etiraz yürüşünə çıxarıb.
Aksiyaçılar yenə də prezident Petro Poroshenkonun istefasını tələb ediblər.Təşkilatçıların sözlərinə görə, aksiyada 10 minədək adam iştirak edib.
Qeyd edək ki, Saakashvilinin tərəfdarları 1 aydan da çox idi ki, etiraz aksiyası keçirmirdilər.
Amma polis və milli qvardiyaçılar avtobuslarla müstəqillik meydanına gedən yolu bağlayıblar.
Çünki həmin vaxt orda başqa qüvvələrin mitinqi keçirilirmiş.
Buna görə də aksiyaçılar ənənıvi marşurutu dəyişərək Taras Şevchenko parkından Vladimir küçəsi ilə Avropa meydanına yollanıblar.
Yolboyu onlar “Dəstə rədd olsun”, “İmpicment” və “Siyasi məhbuslara azadlıq” kimi şüarlar səsləndiriblər.
Saakashvili Avropa meydanında keçirilən mitinqdə yenə də prezident Petro Poroshenko və baş prokuror Yuri Lutsenkonu tənqid edib.
Deyib ki, onlar Donbasda müharibə getdiyi və xalqın əksəriyyətinin yoxsulluq həddində yaşadığı bir vaxtda Yeni İl bayramlarını xarici kurortlarda qeyd ediblər.
Mitinqin sonunda aksiyaçılar prezident Poroshenkonu fevralın 18-də Meydana çıxmağa və könüllü istefa verməyə çağıran qətnamə qəbul ediblər.
Kiyev Apellyasiya məhkəməsi yanvarın 26-da Saakashvilinin fevralın 5-dək gecə saatlarında ev dustaqlığında qalması barədə qərar qəbul edib.
Qeyd edək ki, Mikheil Saakashvili həm də Ukraynanın Odessa vilayətinin keçmiş qubernatorudur.
O, hakimiyyəti korrupsiyada ittiham edir.
Öz növbəsində hakimiyyət onun cinayətkar qrupla əlibir olduğunu iddia edir.