Mixeil Saakashvili Ukraynadan Polşaya deportasiya edildikdən sonra həyat yoldaşının vətəni Hollandiyaya gəlib.
Fevralın 14-də “Hollandiyada nə qədər müddətə qalmağı planlaşdırır” sualına Saakashvili “Görək nə olur, amma bu bir həqiqətdir ki, mənim burda olmağıma səbəb Ukraynada baş verənlərdir” cavabını verib.
O Danimarkanın NOS telekanalına deyib ki, “bura onsuz da tez-tez gəldiyim ölkədir”.
50 yaşlı Saakashvili 2015-ci ildə Ukrayna prezidenti Petro Poroshenko tərəfindən Odessanın qubernatoru vəzifəsinə dəvət edilmişdi. Lakin bir il sonra iki yaxın müttəfiqin korrupsiyaya münasibət məsələsində sözləri çəp gəlmiş, Saakaşvili istefa vermiş və Poroshenko 2017-ci ildə onu Ukrayna vətəndaşlığından məhrum etmişdi.
O vaxtdan bəri Poroşenkoya müxalifətdə kampaniya aparan Saakashvili fevralın 12-də Kiyevdəki restoranlardan birində həbs olunaraq qonşu Polşaya deport edilib. Kiyev Saakashvilini Ukrayna ərazisinə qanunsuz gəlməkdə ittiham edirdi.
Saakashvili 2004-2013-cü illərdə Gürcüstan prezidenti olub və hazırda bu ölkədə ona qarşı qaldırılmış cinayət işi ilə əlaqədar axtarışdadır. O Gürcüstan məhkəməsi tərəfindən qiyabi olaraq üç il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Saakashvili özünə qarşı ittihamları “qondarma və siyasi motivli” saydığını deyir.
Onun xanımı Sandra Elisabeth Roelofs-Saakashvili Hollandiyada doğulub və bu ölkənin vətəndaşıdır.
Saakashvili bildirib ki, o Poroşenkonun hakimiyyətini devirmək məqsədilə kampaniya aparmaq üçün “Avropa turuna” çıxmaq niyyətindədir.