"Economist" yazır ki, OPEC bundan sonra neft bazarı və oradakı qiymətləri təkbaşına tənzimləyə bilməyəcəyini başa düşdüyündən bu kartelə daxil olmayan daha 10 dövlətlə ittifaq yaratmağı düşünür.
Bunların arasında ən önəmlisi Rusiyadır. Əgər bu plan baş tutarsa, kartelin son onilliklərdə irəli sürdüyü ən böyük ambisiya olacaq.
OPEC-in rotasiyalı prezidenti Süheyl əl-Mazruey deyib ki, məqsəd "superqrupun" yaradılması deyil.
Amma nə dərəcədə uğurlu olacağından asılı olmayaraq, məqsəd heç şübhəsiz qeyri-Amerika neft hasilatçılarının şist inqilabı qarşısında gücsüz olduqlarına dair oturuşmuş inancı sındırmaqdır.
2017-ci ilin ikinci yarısında Texas neftinin bazarı doldurması bu inancı daha da möhkəmləndirib. Neft təhlilçiləri deyirlər ki, bu il Amerika, neft hasilatının həcmlərinə görə iki böyük hasilatçını - Səudiyyəni və Rusiyanı geridə qoya bilər. Səudiyyə qəti şəkildə inanır ki, Amerika 2014-cü ildə neft superliqasına qədəm qoymaqla neft qiymətlərini çökdürüb.
"Economist" yazır ki, şist neftinin dirçəlişi OPEC, Rusiya və başqa hasilatçılar üçün çox həssas bir zamanda baş verir. Axı onlar son 14 ayda neftin qiymətlərini qaldıra biliblər. OPEC və Rusiya neft qiymətlərinin qaldırılması naminə hasilatın ixtisarı barədə sazişə giriblər. Cənab Mazruey deyir ki, bu sazişdən "çıxış strategiyası" yoxdur.
Amerikanın konsaltinq şirkəti Rapidan Energy Group firmasından baş iqtisadçı Farid Mohamedi deyir ki, OPEC və onun müttəfiqləri ifrat asan pul siyasəti yürüdən mərkəzi bankları xatırladırlar. Onlar bazara belə bir mesaj verirlər ki, "dədə qayıdıb".
"Economist" yazır ki, Səudiyyə Ərəbistanı və Rusiya arasında münasibətlərin dinamikası dəyişməkdədir. Belə görünür ki, onlar bir vaxtlar az qala düşmənçiliklə həmsərhəd olan qarşılıqlı etimadsızlığı bir tərəfə qoya biliblər.
RBC Capital Markets firmasının neft təhlilçisi Helima Croft deyir ki, Rusiya-Səudiyyə münasibətləri realdır. Onların hər ikisinə ölkələrinin daxilindəki gərginliyi yatırmaq üçün neft qiymətlərinin yüksək olması lazımdır.
Kral Salman oktyabr ayında ilk dəfə olaraq Moskvaya səfər edib. Bu iki ölkənin neft nazirləri bir-birlərinə tez-tez qonaq gedirlər. Cənab Mohamedi deyir ki, vəliəhd şahzadəyə nəzərdə tutduğu islahatları rahatca həyata keçirmək və Aramco dövlət neft şirkətini qismən özəlləşdirmək üçün neftin bir barrelinin 70-80 dollar olması lazımdır. O inanır ki, bu işdə ona Rusiya kömək edə bilər. Bu, mart ayında prezident seçkisinə qoşulacaq Vladimir Putinə də lazımdır.
Bundan başqa bu iki ölkə bir-birinin neft sənayelərinə misli görünməmiş investisiyalar yatırmağı müzakirə edirlər. Rusiyanın dövlət ehtiyat fondu Aramco-nun satışından səhmlər almaq niyyətindədir. Aramco isə öz növbəsində Rusiya Arktikasındakı maye qaz layihəsində paya malik olmaq istəyir.
Neft qiymətlərini yüksək saxlamaq məqsədilə iki ölkə arasında uzunmüddətli əməkdaşlığın mümkünlüyü müdafiə xarakteri daşıyır. Onlar üçün təhlükə təşkil edən heç də təkcə Amerika neftinin artımı deyil. Qarşıdan gələn onilliklərdə neftə olan tələbatın yavaş-yavaş tənəzzülə gedəcəyi və neftin öz yerini daha təmiz enerji növlərinə verəcəyi gözlənir.
Buna görə də iri neft hasilatçıları xammal qiymətdən tam düşənədək onu satıb qurtarmağa çalışırlar. Belə şəraitdə neft hasilatının ixtisarı Riyad və Moskva arasında rəqabəti, bu iki ölkə iqtisadiyyatlarını neft asılılığından çıxaranadək təxirə salmaq deməkdir.
"Economist" yazır ki, belə strategiyanın fəlakətləri onun mənfəətindən çox ola bilər. Əgər Moskva-Riyad ittifaqı işləsə və neftin qiymətini 70 dollardan yuxarı qaldırsa, onda bazar dərhal Amerika, üstəlik Braziliya nefti ilə dolacaq.
Neft təhlilçiləri tarixin təkrar olunması riski deyəndə, elə bunu nəzərdə tuturlar. Odur ki, OPEC və qeyri-OPEC ölkələri neft qiymətini düşməkdən qoruduqları kimi, artmaqdan da qorumalı olacaqlar. Oxford Enerji Tədqiqatları İnstitutundan Bassam Fattuh deyir ki, bu, qarşılıqlı investisiyalar siyasətinin yürüdülməsini tələb edəcək, lakin bu, "son dərəcə çətin, bəlkə də qeyri-mümkündür".
Əgər qiymətlər düşsə, bu ölkələr hasilatı bir az da ixtisar etməli olacaqlar. Bu yükü, adətən, öz üzərinə Səudiyyə götürüb, lakin bundan sonra da uğur qazanılması üçün yükün altına Rusiyanın da girməsi lazım olacaq.
Başqa bir narahatlıq da Aramco şirkətinin qismən özəlləşdirilməsindəndir. "Səudiyyənin Aramco-su-2030" kitabının müəllifi Mohamed Ramadi deyir ki, özəl şirkətlərlə onların hökumətləri arasında münasibətlər heç də həmişə rəvan olmur. Özəl şirkətlər üçün əsas dövlətin çıxarı yox, səhmdarların dividentləridir. Odur ki, Aramaco-nun özəlləşdirilməsi iki tərəfi də kəsən qılınc kimidir.
Hazırda Səudiyyənin hakimiyyəti inanır ki, risklərə girməyə dəyər. Amma onlar xaricdəki şist hasilatçılarından daha çox öz ölkələrinin əhalisindən narahat olmalıdırlar.
Di gəl ki, hələlik bu ölkələr şist riskini qədərindən az, öz qabiliyyətlərini isə qədərindən çox qiymətləndirirlər.