Milli Məclisin Səhiyyə komitəsinin “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair təşkil etdiyi dinləmə keçirilib. Dinləmədə iştirak edən Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib: “Orqan transplantasiyası sahəsində məsələlərin araşdırılması və təkliflərin hazırlanması üçün İşçi Qrupunun yaradılması vacibdir”.
E. Əzizov deyib ki, donorların qohumluq məsələsi müzakirə olunmalıdır: “Qanunda qohumluq məsələsi yoxdur. Vətəndaşlar klinikalara gedirlər, donor qohum olmayanda klinikalar imtina edir. Bu halda Səhiyyə Nazirliyinə müraciət olunur. Elə insanlar var ki, qohumları donor olmaq istəmir. Biz bəlkə də orqanların alqı-satqısı ilə bağlı qanundakı məhdudiyyətləri götürməliyik. Biz kriminal əməl kimi qanunda saxlayırıq ki, orqan alqı-satqısı olmasın. Ancaq reallıqda belədir ki, insanlar öz aralarında razılaşırlar ki, donor olacaq şəxs orqanını verir. Biz hardasa bunu bir çərçivəyə salmalıyıq. Burada şəxsin iradəsi əsas olmalıdır. Kiminsə öz orqanını kiməsə bağışlamağını gözləmək absurddur. Kriminal yolların isə qarşısı qətiyyətlə alınmalıdır”.