Rusiyada təyyarə qəzaları niyə tez-tez baş verir?

Rusiyada təyyarə qəzaları niyə tez-tez baş verir?
12 Fevral 2018
Mətni dəyiş

"The Independent" yazır ki, ötən il dünyada aviasiya təhlükəsizliyi üçün ən yaxşı il olsa da, statistikaya görə növbəti böyük aviaqəzanın Rusiyada baş verəcəyini proqnozlaşdırmaq olardı.

Belə bir kədərli proqnozu Saratov Hava Yolları şirkətinin 703 nömrəli reysi doğrultdu. Moskvanın Domodedovo hava limanından qalxan təyyarə Orsk istiqamətində uçmalı idi, lakin Rusiya paytaxtının 80 kilometrliyində yerə düşdü.

Bu qəzadan 65 sərnişin və 6 uçuş heyəti üzvündən heç kim sağ çıxmayıb.

Məqalədə deyilir ki, Rusiya və ona qonşu olan ölkələrdə aviasiya təhlükəsizliyinin əsl narahatlıq doğurduğunu Airsafe.com saytındakı məlumatlar da göstərir.

Airsafe.com saytında 1970-ci illərdə Jumbo erasından bu yana sərnişin təyyarələrinin bütün ölümcül qəzaları barədə statistik rəqəmlər var.

Avropada bir nəfər də olsun sərnişin ölümü törətməmiş hava şirkətlərinin sayı qəzalı şirkətlərin sayından çoxdur.

Lakin burada 1990-cı ildən bəri 40 ölümcül aviasiya qəzasının məkanı haqqında ayrıca səhifə var: keçmiş Sovet İttifaqı.

Bu səhifədə söhbət keçmiş SSRİ ərazisində baş vermiş qəzalardan getsə də, bunların böyük əksəriyyətini Rusiya sərnişindaşıma şirkətləri törədib.

Bu təyyarə qəzalarının əsas səbəbi belə görünür ki, sərt hava şəraiti ilə pilotların zəif qərar qəbul etmə qabiliyyətinin məcmusudur.

"The Independent" yazır ki, Rusiyanın hava şəraiti bütün başqa ölkələrdəki hava şəraitindən sərtdir. Bu gün şimal-şərqi Sibirdəki Yakutsk şəhərində qış üçün ən "isti" hava qeydə alınıb: Mənfi 30 dərəcə!

Rusiyada uçuşlar bütün qış ayları ərzində davam edir, yayda isə sərt soyuğun yerini qasırğalar tutur.

Lakin Rusiyada təyyarə qəzalarının çoxluğuna bir mühüm səbəb də var. Bu, Rusiyanın aviaparkındakı təyyarələrin əksəriyyətinin hələ sovet dövründə layihələndirilməsidir.

Aeroflotun Sovet İttifaqının əsas sərnişindaşıyanı olduğu illərdə onun əsas "səma atları" Tupolev 154 təyyarələri idi.

Bu təyyarə modeli mütərəqqi bir şəkildə modernləşdirilsə də üçmühərrikli təyyarənin texniki göstəriciləri Qərb təyyarələrinin texniki keyfiyyətlərindən çox geridə qalır.

Bu təyyarələrin kifayət qədər yaxşı uçmasını göstərən hadisələr də olub. Məsələn 2010-cu ildə 10 min metr yüksəklikdə Alrosa Mirnı Air Enetrprise şirkətinə məxsus Tu 154 təyyarəsinin bütün sistemləri qəflətən fəaliyyətini dayandırmışdı.

Buna baxmayaraq təyyarə insan itkisinə yol vermədən istifadəsiz uçuş-eniş xəttinə enə bilmişdi.

Başqa bir ekstremal hadisə 1994-cü ildə baş vermişdi. Məsuliyyətsiz pilot Aeroflotun Moskvadan Honq Konqa uçan 593 nömrəli reysində sükanı 16 yaşlı oğluna tapşırmışdı.

Yeniyetmə bilməyərəkdən təyyarəni avtopliotdan çıxarmış Airbus A310 təyyarəsi Sibir üzərində qəzaya uğramış və təyyarədə olan 75 sərnişinin hamısı həlak olmuşdu.

Doğrudur, bəzi insan itkiləri terror aktları ilə bağlı olub. 2008-ci ilin 24 avqustunda gecə Domodedovodan havaya qalxan təyyarə Moskva üzərində partlamışdı. 87 sərnişin və ekipaj həlak olmuşdu.

Lakin ən böyük insan itkisi 2015-ci il oktyabrın 31-də baş vermişdi. O vaxt Metrojet şirkətinin Airbus A321 təyyarəsi Misirin Şərm əş-Şeyx şəhərindən qalxdıqdan sonra partlamışdı.

Bu reyslə Sankt Peterburq şəhərinə uçan 224 sərnişinin hamısı tələf olmuşdu.

Ekspertlərin gəldiyi ümumi rəy belə idi ki, bu təyyarə terror hücuma məruz qalıb. Bu hadisədən dərhal sonra Birləşmiş Krallıq özünün bütün təyyarələrinə Şərm əş-Şeyxə uçmağı qadağan edib.

"The Independent" yazır ki, aviasiya salamatlığı - təhlükəsizlik, təlim, mədəniyyət və tənzimləmənin yüksək səviyyədə olmasını tələb edir.

Hazırda Rusiya, xüsusilə də özünün Aeroflot və S7 hava yolları şirkətləri ilə vəziyyəti yaxşılaşdırmağa müvəffəq olub. Bu iki şirkət hazırda qlobal təhlükəsizlik standartlarına cavab verir.

Lakin Rusiyanın daxili uçuşlarındakı problemlər kəskin olaraq qalır. Moskva daxili reyslərə hələki lazımi diqqət və qayğını verə bilmir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun