Rusiya 8 namizədlə seçkiyə gedir

Rusiya 8 namizədlə seçkiyə gedir
2 Fevral 2018
Mətni dəyiş

Rusiyanın Mərkəzi Seçki Komissiyası martın 18-də keçiriləcək prezident seçkisinə qatılan şəxslərdən sənədlərin qəbulunu başa çatdırıb.

Son gün – yanvarın 31-də Yaşıllar Alyansı Partiyasından Elvira Aqurbaş MSK-ya gəlməyib. Rusiya Birləşmiş Əmək Cəbhəsi Partiyasından Natalya Lisitsına isə gərəkli miqdarda imza toplaya bilməyib. Onların seçki yarışından çıxması ilə namizədlərin sayı 8-ə düşüb.

Qeydiyyat üçün müstəqil namizəddən 300 min imza, partiyalı namizəddən 100 min imza toplamaq tələb olunub. Parlamentdə təmsil olunan partiyanın namizədi imza yığmaqdan azaddır. Kommunist Partiyasının prezidentliyə bitərəf namizədi Pavel Qrudinin və Liberal Demokrat Partiyasının namizədi, Dövlət Dumasının sədr müavini Vladimir Jirinovski bu üsulla qeydiyyatdan keçib.

Prezident Vladimir Putin seçkiyə müstəqil namizəd kimi qatılıb.

Digər iddiaçılar bunlardır: Sergey Baburin (Rusiya Ümumxalq İttifaqı Partiyası), Kseniya Sobçak (Vətəndaş Platforması Partiyası), Maksim Suraykin (Rusiya Kommunistləri Partiyası), Boris Titov (Yüksəliş Partiyası), Qriqori Yavlinski (“Yabloko” Partiyası).

Hazırda Rusiya prezidentinin səlahiyyət müddəti 6 ildir. Eyni şəxs iki dəfədən artıq təkrarən prezident seçilə bilməz.

İndiki prezident Vladimir Putin 1996-cı ildən Rusiyanın ali hakimiyyət orqanlarında işləyib, prezidentin işlər müdirinin müavini, Prezident Administrasiyası rəhbərinin birinci müavini, Federal Təhlükəsizlik Xidmətinin direktoru, Təhlükəsizlik Şurasının katibi olub.

1999-cu il avqustun 16-da baş nazir təyin edilib. 1999-cu il dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib. 2000-ci ildə prezident seçilib. 2004-cü il seçkisində bu postu əlində saxlayıb.

2008-ci ilin may ayından Rusiyanın baş naziri olub. 2012-ci ildə yenidən prezident seçilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun