Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) müstəqil KİV-lərin və müxalifət liderlərinin Facebook hesablarına yönəldilmiş silsilə kiber hücumların təşkilinə görə Azərbaycan hakimiyyətini qınayır və son bir ay ərzində aparıcı müstəqil onlayn KİV-lərin və müxalifət liderlərinin ictimai səhifələrini hədəfə alan onlayn senzuranın sistemli şəkildə gücləndirilməsinə son qoymağa çağırır.
Belə ki, Azərbaycanın yanvarın 29-da müstəqil İnternet-nəşri olan "Meydan" TV-nin Facebook səhifəsinin administratorlarının hesablarının sındırılması metodu ilə həyata keçirilmiş son hücum "Meydan" TV-nin rəsmi səhifəsinin müvəqqəti oğurlanması ilə nəticələnib. Mətbu orqanı 12 saat sonra səhifəsinə çıxışı bərpa etsə də hakerlər o vaxta qədər xəbər resursunun son 5 ildə dərc etdiyi bütün materialları bərpaolunmaz şəkildə silməyi bacarıb. Hücumu həyata keçirənlər həmçinin 100 minə yaxın abunəçinin abunəçiliyini məcburi şəkildə ləğv ediblər ki, bu da itirilmiş abunəçi bazasının 20 faizini təşkil edib. Son ay ərzində "Kanal 13" müstəqil xəbər resursunun Facebook səhifəsi, eləcə də müxalifət liderləri Əli Kərimli və Cəmil Həsənlinin səhifələri analoji hücumlara məruz qalıb. Bu yaxınlarda "Made in Azerbaijan" adlı tənqidi Facebook səhifəsi də oxşar problemlə üzləşib.
RATİ beynəlxalq birliyi ölkədə ifadə azadlığının kobud şəkildə məhdudlaşdırılmasına görə məmurlara və onların ailə üzvlərinə qarşı fərdi sanksiyaların tətbiqi yolu ilə Azərbaycan hakimiyyətinə təzyiq göstərməyə çağırıb.
RATİ Azərbaycan hakimiyyətindən jurnalistlər də daxil olmaqla, bütün azadlıq məhbuslarının həbsdən buraxılmasını tələb edir: Mehman Hüseynov, Seymur Həzi, Əziz Orucov, Nicat Əliyev, Araz Quliyev, Fikrət İbişbəyli (Fərəməzoğlu), Əfqan Sadıqov, Elçin İsmayıllı, Cavid Şirəliyev, Ziya Əsədli və Ərşad İbrahimov, bloger Rəşad Ramazanov, İlkin Rüstəmzadə, yazıçı Saday Şəkərli və Tofiq Həsənov, eləcə də qraffiti fəalları Qiyas İbrahimov və Bayram Məmmədov.
RATİ Azərbaycan hakimiyyətini vətəndaşların informasiya əldə etmək azadlığının təmin olunmasına, bloklanmış xəbərlər saytlarının açılmasına çağırır.