Qiyas İbrahimovun apellyasiya şikayəti üzrə hazırlıq iclası keçirilib

Qiyas İbrahimovun apellyasiya şikayəti üzrə hazırlıq iclası keçirilib
6 Fevral 2018
Mətni dəyiş

Bu gün, fevralın 6-da Bakı Apellyasiya Məhkəməsində gənc fəal, NİDA Vətəndaş Hərəkatının üzvü, “Heykəl məhbusu” kimi tanınan Qiyas İbrahimovun və atası Həsən İbrahimovun apellyasiya şikayəti üzrə hazırlıq iclası keçirilib.

Vəkil Zibeydə Sadıqova apellyasiyaya Bakı Apellyasiya Məhkəməsində baxılmasına etiraz edib, belə ki, ata və oğul İbrahimovları məsuliyyətə məhz bu məhkəmənin hakimləri cəlb edib.

Vəkil bildirib ki, şikayət Yasamal rayon məhkəməsinin qərarından verilib və həmin məhkəmə bu məhkəmənin tabeçiliyində olduğundan işə başqa apellyasiya məhkəməsi baxmalıdır. Amma məhkəmə etirazı təmin etməyib.

Məhkəmə 14 fevral saat 15:00-a təyin olunub.

Xatırlatma

NİDA Vətəndaş Hərəkatının üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da Heydər Əliyevin abidəsinin üzərində “Qul bayramınız mübarək” yazdıqdan sonra həbs olunublar. Ancaq onlar qanunsuz narkotik maddə dövriyyəsində ittiham olunaraq 10 il azadlıqdan məhrum ediliblər.

“Amnesty International” təşkilatı Qiyas İbrahimov və Bayram Məmmədovu vicdan məhbusu elan edib. Təşkilat hesab edir ki, gənclərə qarşı narkotik ittihamı saxtalaşdırılıb.

Amma hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edir.

Bu il iyulun 13-də Qiyas İbrahimovun atası Həsən İbrahimov İstintaq İdarəsinə çağrılıb və ona qarşı cinayət işi açıldığı bildirilib. Cinayət işi Bakı Apellyasiya Məhkəməsində Qiyas İbrahimovun işinə baxmış hakim Vüqar Məmmədovun şikayəti əsasında başlanıb.

Məhkəmədə hakim Qiyas İbrahimovun sözünü kəsəndə atası əsəbiləşərək “Ənvər Seyidovun başına gələnlər sizin də başınıza gəlsin. Balalarınızdan görəsiz…” deyib.

Ata və oğul CM-in 289.2-ci (hakimə hörmətsizlik) maddəsi ilə təqsirli bilinib. Yasamal rayon məhkəməsi Qiyas İbrahimova əvvəlcədən təyin edilmiş 10 illik həbs cəzasına əlavə olaraq 3 ay azadlıqdan məhrumetmə cəzası verib. Həsən İbrahimov əmək haqqının 20%-i tutulmaqla, 1,5 il islah işlərinə məhkum edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun