Ölkə əhalisi 3 ay ərzində tibbi müayinədən keçiriləcək.
Bu barədə səhiyyə nazirinin müavini Nigar Əliyeva sərəncam imzalayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BBC Azərbaycancaya bildirilib ki, fevralın 12-dən mayın 12-dək ölkə əhalisi qeydiyyatda olduğu yerli tibb müəssisələrində, poliklinikalarda pulsuz tibbi müayinədən keçə bilər.
"Müayinə zamanı sahə həkimi pasiyentlərə suallar verərək ümumi baxış keçirir. Ümumi müayinənin nəticəsindən asılı olaraq, pasiyentə tövsiyyələr verilir və ya əlavə laborator müayinələr təyin olunur", mətbuat xidməti bildirib.
Nazirlik vurğulayır ki, ehtiyac yaranarsa, pasiyentlərin ixtisaslaşmış müəssisələrə də göndərilməsi nəzərdə tutulur.
Əhalinin pulsuz tibbi müayinəsi ölkə prezidentinin müvafiq sərəncamı əsasında 2014-cü ildən aparılır.
Ancaq "Əhalinin sağlamlığının qorunması" haqqında qanuna görə, dövlət tibb müəssisələrində bəzi istisna hallar nəzərə alınmaqla, tibbi xidmət pulsuzdur.