Rafiq Manaflı
Oğru bir hakimiyyətin oğurluq seçki keçirməsində təəccüb doğuracaq heç bir şey yoxdur. Bu növbədənkənar prezident seçkilərinin heç bir obyektiv səbəbinin olmadığını məktəbli uşaqlar da anlayırlar. Heç nə dəyişmir. Nə fəaliyyətdə olan prezident öz bacarıqsızlığını, işbilməzliyini etiraf edib kənara çəkilmir, özü necə lövbər atıbsa, ilişib bir qaya parçasına durub. Nə də elə bu prezident seçkisi kimi oğurluq keçirilən və oğurluq seçki presedenti yaradan sonuncu referendumun hansısa bir qərarı yoxdur ki, pezident seçkilərindən sonra qüvvəyə minib ona əlavə səlahiyyətlər versin. Hamam da yerindədir, uçulub tökülür, tas da yerində çürüyür. Bu aprelin 11-də oğurluq keçiriləcək məzhəkə yalnız və yalnız qorxunun törətdiyi qaravəllidən başqa heç nə deyil. Baxın, hər şey əllərindədir. Bütün administrasiya, maliyyə, güc resursları bunlarda. Cəza çarxı tam sürətlə hərlənir. Bir mitinqə gələn, bir status layk edən qalmayıb özünə və nəslinə qan uddurmasınlar. Layk məhbusu deyilən təzə bir termin yaranıb analoqsuz ölkəmizdə. Trolları vurus kimi, mikrob kimi daraşıblar sosial şəbəkələrə. Əyri əllərinə sadiq qalaraq səhifə, profil qalmayıb oğurlayıblar. Seçki komissiyaları isə daha heç əziyyət çəkib bülleten-zad saymırlar, elə bir ay qabaq yuxarıdan aldıqları rəqəmləri məzlum-məzlum elan edirlər. Amma yenə qorxurlar. Hətta o qədər qorxurlar ki, bu oğurluq küçə tamaşasına getməyə məcbur olurlar. Çünki sabah nə olacağını hesablaya bilmirlər. Bunların təfəkküründə axı ədalətli seçki məfhumu yoxdur, yalnız saxtakarlıq anlayışı var. Saxta seçki üçün isə bu gün az-çox münasib şərait var. Sabah Rusiyada vəziyyət, Putinin aqibəti necə olacaq, sanksiyalar Rusiyanı hara aparacaq, həmin sanksiyalardan ibarət domokl qılıncı bunların öz çiynlərini necə deşəcək – bütün bunlar son dərəcədə mürəkkəb, məchulları çox surətlə dəyişən çoxhədli tənliklərdir. Üstəlik iqtisadi çöküşün artan templi dinamikası ilin sonuna daxili sosial durumun qaynama vəziyyətinə yaxınlaşmasını qaçılmaz edəcək. Oktyabrda isə seçki olmalı idi. İstər-istəməz ölkədə bir seçki atmosferi yaranacaqdı. Və belə bir şəraitdə bu rejimə nifrətini artıq gizlətməyən insanların hansı çağırışlara hay verəcəyini hesablamaq o qədər də çətin deyildi. Bu rejim oktyabr ayında keçiriləcək seçkilərdə öz hakimiyyətini itirmək təhlükəsini açıq-aydın görürdü. Ona görə belə əsassız, qanunsuz, elan olunan andan legitimsizləşən seçki tamaşasına getməyə qərar verdi. Amma bu düşünülməmiş, çox qısa perspektivdə keçərli ola biləcək qərarın gələcək sosial və iqtisadi kataklizmlərin qarşısında necə dayanacağını yalnız gələcək göstərəcək.