Nüfuzlu din xadimi: Səudiyyəli qadınlar uzun əba geyinməyə məcbur deyillər

Nüfuzlu din xadimi: Səudiyyəli qadınlar uzun əba geyinməyə məcbur deyillər
11 Fevral 2018
Mətni dəyiş

Səudiyyəli qadınlar ictimai yelərdə uzun əba geyinməyə məcbur deyillər, nüfuzlu din xadimi deyib.

Böyük Üləma Şurasının üzvü Şeyx Abdullah əl-Mutləq qadınların sadə geyinməli olduqlarını, lakin bunun onların uzun əba geyinməyə məcbur olduqları mənasını daşımadığını deyib.

Səudiyyə Ərəbistanında hazırki qanunlar hər bir qadından əba geyinməyi tələb edir.

Şeyx Mutləqın bu məsələyə müdaxiləsi ölkə rəhbərliyinin müasirləşmə və qadınlarla bağlı məhdudiyyətlərin yüngülləşdirilməsinə yönəlmiş layihələri fonunda baş verib.

"Müsəlman dünyasındaki dindar müsəlman qadınların 90 faizindən çoxu əba geyinmir. Ona görə biz də insanları əba geyinməyə məcbur etməməliyik", Şeyx Mutləq cümə günü deyib.

Bu, ölkədə mühüm din xadiminin buna bənzər verdiyi ilk bəyanatdır və gələcəkdə Səudiyyə Ərəbistanının qanunlarına təsiri ola bilər.

Buna necə reaksiya olub? Şeyx Mutləqin müdaxiləsi sosial şəbəkələrdə qızğın müzakirəyə səbəb olub. Bəziləri onun mövqeyini dəstəkləyib, digərləri isə ona qarşı çıxıb.

"Əba bizim rayonların birində ənənədir və hər kəsə tətbiq olunub. Bu din məsələsi deyil", Maşari Ğəmdi adlı Twitter istifadəçisi yazıb.

"Hətta yüz fətva da bəyan edilsə, Allaha and içirəm ki, mən əbamı heç vaxt tərk etməyəcəm. Ölsəm belə. Qızlar, fətvalara qulaq asmayın..." @Kooshe90 adlı istifadəçi yazıb.

Qohum olmadıqları kişilər tərəfindən görünə biləcəkləri bir yerdə əba geyinməyən qadınlar din polisi tərəfindən təqib oluna bilər.

2016-cı ildə bir səudiyyəli qadın ölkənin paytaxtı Riyadın əsas küçələrindən birində əbasını çıxardığına görə saxlanmışdı, Reuters xəbər agentliyi yazıb.

Lakin son illər qadınlar ənənəvi qara əbalardan fərqli olaraq getdikcə rəngbarəng əbalar və ya cins şalvar və uzun donların üstündən açıq əbalar geyinməyə başlayıblar, Reuters yazıb

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman hökumətin Vision 2030 layihəsilə ölkəni müasirləşdirməyi vəd edib.

Layihənin hədəflərindən biri də sərt gender ayrılığı qaydalarına riayət etməli olan səudiyyəli qadınların hüquqlarını artırmaqdır.

2017-ci ilin sentyabr ayında qadınların maşın sürmək qadağası aradan qaldırılıb və eyni dövrdə qadınlara Səudiyyə Ərəbistanın Milli Gün şənliklərində ilk dəfə iştirak etmələrinə icazə verilib.

Keçən ay isə bəzi şəhərlərdə qadınlara stadionlarda futbol matçlarını izləmək icazəsi verilib.

Keçən il Səudiyyə Ərəbistanı 30 ildən artıq qadağan edilmiş kinoteatrların bir daha açılmasına icazə verib. İlk kinoteatrların mart ayında açılacağı gözlənilir.

Dekabr ayında ölkədə bir qadın ifaçı tərəfindən keçirilən ilk konsertə tamaşa edən qadınlar müğənnini ayağa qalxaraq alqışlamışdılar.

İndiyədək buna bənzər idman və əyləncə yerlərinə yalnız kişilərin girişinə icazə verilirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun