NİDA 11 aprel növbədənkənar prezident seçkisi ilə bağlı bəyanat verib

NİDA 11 aprel növbədənkənar prezident seçkisi ilə bağlı bəyanat verib
10 Fevral 2018
Mətni dəyiş

NİDA Vətəndaş Hərəkatı 11 apreldə keçiriləcək növbədənkənar prezident seçkisi ilə bağlı bəyanat verib.

Bu barədə hərəkatın "Facebook" səhifəsində məlumat verilib.

Bəyanatı olduğu kimi təqdim edirik:

"Ölkə başçısının sərəncamı ilə 11 aprel tarixində növbədənkanar prezident seçkiləri təyin olunub. Sərəncamda qeyd olunur ki, prezident Konstitusiyanın 101-ci maddəsini rəhbər tutaraq, seçkiləri 6 ay qabağa çəkmək qərarı qəbul edib. Seçki Məcəlləsinə edilən son dəyişikliklərə əsasən prezidentə növbədənkənar seçkiləri təyin etmək səlahiyyəti verildi. Bir neçə aydan sonra İlham Əliyev bu səlahiyyətindən istifadə etdi. Lakin növbədənkənar seçkilərin keçirilməsi üçün heç bir tutarlı səbəb göstərilmədi.

Seçkilərin 6 ay qabağa çəkilməsi müxalifətin seçkilərdə iştirak imkanlarını məhdudlaşdırdı. Həmçinin seçki məcəlləsinə edilən son dəyişikliklərə əsasən növbədənkənar seçkilər zamanı prosesə start verilmə müddəti üç aydan iki aya endirilib. Qanunvericiliyə görə seçkilərə 1 ay qalmış namizədlərin imza toplama kampaniyası dayandırılır. Belə olan halda hər namizədin tələb olunan 40 min imzanı toplaması üçün cəmi bir ay vaxtı var. Bununla da müxalifətin və müstəqil namizədlərin seçkilərdə iştirakı texniki baxımından xeyli çətinləşir.

Ölkədə seçki keçirilməsi üçün demokratik şərait yoxdur. Seçki komissiyaları bütövlükdə hakimiyyətin nəzarətindədir. Yerli monitorinq təşkilatı Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi mərkəzinin (SMDT) fəaliyyəti 2013-cü ildəki repressiyalar nəticəsində dayandırılıb.

Ölkədə müstəqil media orqanları sıradan çıxarılıb, saytlar bloklanıb, jurnalistlər və bloqqerlər həbs olunub.

Siyasi partiyaların fəaliyyət imkanları minimum həddə endirilib, üzvləri həbs olunub, bir çoxu ofissiz fəaliyyət göstərir. Prezidentliyə namizədlərdən biri, REAL Hərəkatın sədri İlqar Məmmədov da daxil olmaqla ölkədə 150-dən çox siyasi məhbus var. Nida Vətəndaş Hərəkatı bütün bunları nəzərə alaraq ölkədə seçkilərin keçirilməsi üçün azad və demokratik şərait olmadığını və 11 apreldə keçiriləcək növbədənkənar prezident seçkilərinin nəticələrini tanımayacağını bildirir."

Xatırlatma

2016-ci il sentyabrın 26-da keçirilmiş referendum nəticəsində qanunvericiliyə edilmiş dəyişikliklərə görə, Azərbaycan Prezidentinə növbədənkənar prezident seçkisi təyin etmək səlahiyyəti verilib.

2018-ci il fevralın 5-i prezident İlham Əliyev 11 aprel tarixində növbədənkənar prezident seçkisinin keçirilməsi barədə sərəncam imzalayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun