Qazaxıstanda nazirlərin çoxunun doğma qazax dilinə deyil, rus dilinə üstünlük verməsinə baxmayaraq, çərşənbə axşamı günündən nazirlər kabinetinin iclaslarında rus dilindən istifadəyə qadağa qüvvəyə minir.
Geniş səlahiyyətlərə malik olmaqla yanaşı, ictimaiyyətin rəylərinə də yaxından diqqət verən prezident Nursultan Nazarbayev bu haqda qərarı bundan əvvəlki gün verib.
Sovet dövrünün yeganə lideri olan 77 yaşlı Nazarbayev ölkəni 1989-cu ildən idarə edir. O özü hər iki dildə sərbəst danışır və çıxışları zamanı hər iki dili işlədir.
Lakin bəzi yüksək səviyyəli rəsmilər də daxil olmaqla, qazaxların çoxu hər iki dildə sərbəst danışa bilmir və rus dilinə üstünlük verir. Nazirlər kabinetinin iclasları da hər iki ildə aparılır.
Çərşənbə axşamı günü dövlət televiziyası ilə canlı yayımlanan iclas zamanı yalnız bir nəfərə-təhsil naziri Yerlan Saqadiyevə rus dilində danışmaq icazəsi verilib. İclasa video vasitəsilə qoşulan bəzi vilayət rəsmiləri üçün də istisnalar edilib.
Müstəqillik əldə etdikdən sonra bəzi keçmiş sovet respublikaları Moskva ilə əlaqələrin kəsilməsi kimi tanınan de-rusifikasiya prosesinə başladı.
1991-ci ildə müstəqilliyini qazanmış Qazaxıstan əhalisinin yalnız yarıdan az hissəsi qazaxlardan ibarət olduğu üçün bu prosesləri daha ləng aparırdı.
Bundan dörd il sonra Nazarbayev rus dilini ölkənin ikinci rəsmi dili elan etdi.
2009-cu ildə aparılmış siyahıyaalma zamanı əhalinin yalnız 62 faizi qazax dilində danışıb yaza bildiyini demişdi. 85 faizin rus dilini bildiyi məlum olmuşdu. Lakin o vaxtdan bəri Qazaxıstanda etnik balans dəyişib. Hazırda qazaxlar ölkə əhalisinin 69 faizini, ruslar isə əhalinin beşdə bir faizini təşkil edir.
Bununla belə, rus dili üstünlüyə malik olmaqda davam edirdi. Bunun nəticəsində hökumətə qazax dilinin daha aktiv şəkildə təbliğ edilməsi məqsədilə təzyiqlər artdı.
Türk dilləri qrupuna aid olan qazax dili rus dilindən köklü şəkildə fərqlənir.
Nazarbayev keçən il rus dilinə uyğun olan kirill əlifbasından latın əlifbasına keçid ediləcəyini elan edib.
Lakin bu addım qarşısında çətinliklər də yaşanıb. Nazarbayev qazaxların latın əlifbasının hərfləri ilə yanaşı apostrofdan istifadəni tənqid etdiklərinə görə, bu ay özünün verdiyi sərəncamı dəyişməli olub. Yeni əlifbada fransız dilindəki vurğu işarəsi isifadə edilir.
Nazarbayev Kremllə yaxın əlaqələri saxlamaqda davam edir. O, 2016-cı ildə Türkiyənin Rusiyanın təyyarəsini vurmasından sonra Moskva ilə Ankara arasında münasibətlərin yaxşılaşdırılmasında rol oynayıb.
Bununla belə, Nazarbayevin ölkə rəsmilərinin rus dilində danışmasına qarşı kampaniyasında kompromisə gedəcəyinə heç bir işarə yoxdur.
O, eyni zamanda, parlamentdə dinləmələrin də qazax dilində aparılması haqda göstəriş verərək, başa düşməyənlərə sinxron tərcümə olunacağını bildirib.
Nazirlərin belə görünür çıxış yolu yoxdur. Informburo.kz özəl xəbər saytının verdiyi məlumata görə, nazir Saqadiyev iclasda bu sözləri deyib: “Gələn dəfə kabinet iclasında 100 faiz qazax dilində hesabat verəcəm”. (amerikaninsesi.org)