AzadlıqRadiosunun müxbiri Mike Eckel yazır ki, Rusiyanın metallurgiya maqnatlarından biri, milyarder Oleq Deripaska İsveçrənin Davos şəhərində dəbdəbəli qonaqlıqlar versə də, Birləşmiş Ştatlara girişi qadağan olunub.
O prezident Donald Trump-ın indi artıq barəsində ittiham irəli sürülmüş keçmiş kampaniya meneceri ilə biznes partnyoru olub.
Onun həm də Kremllə möhkəm bağları var; Rusiyanın xarici işlər naziri bir dəfə ona ABŞ hökumət rəsmilərindən viza almaqda köməklik göstərməyə cəhd edib.
Lakin indi antikorrupsiya mübarizi Aleksey Navalnının yeni ifşa materialları onun hökumətə düşünüldüyündən də yaxın olduğunu göstərir.
Fevralın 8-də açıqlanmış bu materiallarda Rusiya baş naziri müavininin Deripaska ilə onun Norveç sahillərinə yan almış yaxtasında yeyib-içdiyi iddia edilir.
Bu materiallara 2016-cı ildə bir belarus qadının sosial media hesabında dərc olunmuş fotoları və videosu da əlavə edilib. Bu qadın Deripaska ilə eşq macərası yaşadığını bildirib.
Adı Nastya Rıbka olaraq açıqlanan bu qadın 2017-ci ildə Rusiya telekanalında özünün model agentliyi üçün işindən bəhs edib.
Instagram hesabına yüklədiyi şəkillərdə və videolarda Rıbkanın Deripaska ilə birlikdə onun yaxtasında olduğu görünür.
2016-cı ilin avqustunda qoyulmuş videolardan birində Deripaska öz yaxtasında Rusiya baş nazirinin müavini və baş siyasət müşaviri Sergey Prixodko ilə söhbət edir. Deripaska bu videoda Prixodkoya ənənəvi rus qaydasında adı və atasının adı ilə müraciət edir.
Navalny bildirib ki, onun araşdırmaçıları Prixodkonun bir neçə gün ərzində Deripaskanın yaxtasında istirahət etdiyini göstərən sənədlər əldə ediblər. Prixodko yaxtaya Deripaskanın şəxsi təyyarəsində gəlibmiş.
Başqa bir videoda Deripaska Birləşmiş Ştatlarla Rusiya arasında münasibətlərin niyə bu qədər gərgin olması barədə danışır. Bu danışıqdan belə başa düşülür ki, Deripaskanın fikrincə Moskva və Vaşinqton arasında münasibətlərin pisləşməsinə Dövlət Departamentində Rusiya ilə əlaqələrə cavabdeh bir keçmiş rəsmi səbəb olub. Həmin rəsmi illər öncəsi bir sovet balına ovlayan gəmisində işləyibmiş.
Öz materialında Navalnı bu qənaətə gəlib ki, Prioxodkonun Deripaskanın yaxtasında istirahət etməsi oliqarxdan alınmış rüşvət kimi də qiymətləndirilə bilər. Navalnı habelə baş nazir müavininin Moskva və onun ətrafındakı qiymətli mülklərindən söhbət açır.
Associated Press agentliyinin suallarına e-mail-lə cavab verən Deripaska Navalnının hesabatını pisləyib və deyib ki, bunlar “sensasiyaçılıqdan doğan qalmaqallı və uydurma gümanlardan” başqa bir şey deyil.
Deripaska Rusiyanın ən zəngin insanlarında biridir. O Rusiyanın metallurgiya sənayesindən əldə etdiyi böyük pulları indi əsasən Basic Element adlanan şirkətdə saxlayır.
2000-ci illərdə Dövlət Departamentinin Deripaskanın Rusiyanın mütəşəkkil cinayətkarlığı ilə əlaqələrindən şübhələrinə görə onun Birləşmiş Ştatlara girişi qadağan edilmişdi.
Bir məqamda o hətta prezidentliyə keçmiş respublikaçı namizəd Bob Dole-un xidmətlərindən və Vaşinqtondakı bir lobbiçi şirkətdən Dövlət Departamentinin bu qərarının dəyişdirilməsinə nail olmağa çalışmışdı. Konqresin lobbi qeydiyyatı kitabından bu da bəlli olur ki, Deripaskaya kömək üçün Vaşinqtondakı hüquq firmalarından birinə Rusiyanın xarici içşlər naziri Sergey Lavrovun özü müraciət edib.
Nəhayət 2009-cu ildə FTB onun Birləşmiş Ştatlara gəlişinə icazə verib.
Həmin vaxtdan sonra Deripaska Birləşmiş Ştatlara özünün Rusiya diplomatıik pasportu ilə səfərlər edə bilib.
Deripaska həm də Dole-un keçmiş müşaviri Paul Manafort-un biznes partnyoru olub. Bu ikisi Ukraynanın telekommunikasiya sahəsinə investisiya qoymaq üçün fond təşkil ediblər. Lakin bu işbirliyi Deripaska Manafort-u ABŞ məhkəməsinə verdikdən sonra pozulub.
Manafort 2016-cı ildə Trump-ın seçki kampaniyasının meneceri olub. O bu vəzifəni Ukraynanın rusiyayönlü keçmiş prezidenti Viktor Yanukoviç üçün lobbiçilik etdiyinə dair xəbərlər yayılanda tərk edib. Manafort 2017-ci ilin oktyabrında ABŞ-ın Böyük jürisi tərəfindən çirkli pulların yuylmasında və başqa bəd əməllərdə rəsmən ittiham edilib.
Xarizmatik hüquqşünas Navalnı özünün korrupsiyaya qarşı mübarizəsi ilə çoxdan bəridir ki, Kreml üçün başağrısı yaradıb. O və komandası indiyədək baş nazir Dmitri Medvedevin, müdafiə naziri Sergey Şoyqunun, Kremlin sözüçüsü Dmitri Peskovun və baş prokuror Yuri Çaykanın gizli sərvətlərini faş edib.
Ötən il Navalnının hazırladığı videoda Rusiyanın Finlandiya yaxınlığındakı adalarından birində dəbdəbəli qədim malikanənin yenidən qurulduğu və Rusiya prezidenti Vlamir Putinin burada məzuniyyət keçirdiyi iddia olunurdu.
Navalnı özünün ifşaları və kəskin dilli tənqidləri ilə böyük ictimai dəstək cəlb edib və 2013-cü ildə keçirilmiş Moskva meriya seçkisində nəzərəçarpacaq səs qazanıb. O 2018-ci ilin prezident seçkisində Putinə rəqib olmağı planlaşdırmışdı.
Rusiya Mərkəzi Seçki Komissiyası üzərində cinayət məsuliyyətinin olmasını əsas gətirərək Navalnının namizədliyini qeydə almayıb.