Moskvada müstəntiqlər müxalifət siyasətçisi Aleksey Navalnını dindirməyə dəvət ediblər.
Onların dediyinə görə o, ötən ay keçirilən mitinqdə onu saxlayan polislərə hücum etməkdə ittiham olunur.
Navalnı özünün Twitter hesabından yazır ki, polis onun evinə fevralın 5-də yerli vaxtla səhər saat 7:30-da gəlib. Ona polis idarəsinə iki çağırış verilib.
Navalnı deyib ki, yanvarın o, 28-də keçirilmiş etiraz aksiyası zamanı onu saxlamağa çalışan “polisi vurmaqda” ittiham olunur.
Navalnı Instagram-da yazıb ki, ona qarşı ittiham onun saxlandığı anı görüntüləyən video ilə bağlıdır.
Bu videoda polis zabitlərinin Navalnını yerə yıxmağa çalışdıqları və daha sonra onu polis avtobusuna basdıqları görünür. Videoda Navalnının polisi vurması görünmür.
Navalnı 28 yanvar aksiyasının əsnasında həbs edilmiş 350 nəfərdən biri idi.
İstintaq Komitəsi demişdi ki, həmin aksiyada saxlama əməliyyatı keçirən bir neçə zabit ağır xəsarətlər alıb.
Navalnı həmin gün məhkəməyə qədər müddətdə sərbəst buraxılmışdı. Bu məhkəmə hələlik keçirilməyib.
Prezident Vladimir Putinin qatı tənqidçisi olan Navalnı ona martın 18-də keçiriləcək prezident seçkisində namizəd olmaqda imtina edildikdən sonra seçkinin boykotuna çağırıb.
Navalnı demişdi ki, bu əsl, demokratik seçki yox, Putinin vəzifəsinə yenidən “təsdiqi” olacaq.
Kremlin tənqidçiləri bildirirlər ki, bu seçkidə namizədliklərinə icazə verilmiş başqa şəxslər sadəcə olaraq seçki rəqabəti görüntüsü yaratmaq üçündür.