Metroda konsert: Qara Qarayevin əsərləri ifa olunacaq

Metroda konsert: Qara Qarayevin əsərləri ifa olunacaq
2 Fevral 2018
Mətni dəyiş

Fevralın 5-də Bəstəkar Qara Qarayevin əsərləri Bakıda onun adını daşıyan metro stansiyasında ifa olunacaq.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəsimi Paşayev BBC Azərbaycancaya bildirib ki, "metroda konsert görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyinə" həsr olunur.

Nəsimi Paşayevin sözlərinə görə, Bakı metropoliteni bəstəkarın 100 illik yubileyinə "öz töhfələrini" vermək məqsədilə bu konserti təşkil edir.

"Qara Qarayev stansiyasında ilk dəfə musiqili proqram təşkil olunacaq. İki saat çəkəcək bu konsertdə Musiqi Akademiyasının məzun və tələbələrindən ibarət kvartet Qara Qarayevin klassik əsərlərini ifa edəcək. Metropolitendən istifadə edən sərnişinlər stansiyanın vestibülündə konsert proqramını dinləyə bilərlər".

Nəsimi Paşayev əlavə edir ki, konsert metroda sıxlıq yaratmayacaq.

Azərbaycan musiqi tarixinə "Yeddi gözəl, "İldırımlı yollarla" və başqa əsərləri ilə iz salan Qara Qarayev 1918-ci ildə Bakıda anadan olub. O, Sovet İttifaqı dövründə bir çox yüksək mükafatlara layiq görülüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun