Rövşən Hacıbəyli
İndi kimi inandıraq ki, qurultay qərarı Şuranın tabe olduğu idarədən gəlməyib?..
Martın 10-da ölkə jurnalistlərinin VII qurultayı keçiriləcək. Bu barədə qərar prezident İlham Əliyevin növbədənkənar prezident seçkisi keçirilməsi haqda sərəncamı verilən gün ortaya çıxıb. Növbədənkənar seçkiyə gedilməsi ilə bağlı gecə verilən sərəncam fevralın 5-də səhər elan olunub, elə həmin gün Mətbuat Şurası İdarə Heyətinin iclası çağırılıb və qurultay qərarı verilib. Növbədənkənar seçkiyə gedilməsi ilə bağlı qəfil qərar kimi. Jurnalistlərin, jurnalistikanın ağsaqqalı funksiyasını üzərinə götürən Mətbuat Şurası lap sovetlərin vaxtındakı kimi özünü aparıb.
Baxıram Leninin kitablarına Dəstədən geridə qalmamaq üçün
Sovetlərin vaxtında belə bir şeir vardı. Mətbuat Şurası da Həmkarlar Konfederasiyasının İlham Əliyevin növbədənkənar seçkiyə namizədliyini irəli sürməsindən ilhamlanaraq tez-tələsik qurultay qərarına gəlib ki, seçkiyə qədər “jurnalistlərin dostu”na töhfəsini versin. Martın 10-da keçiriləcək qurultayda jurnalistlər, həm də qurultay iştirakçıları adından İlham Əliyevin namizədliyi dəstəklənəcək. Növbədənkənar qərarı olmasaydı, qurultay yay aylarında, ola bilsin, Mətbuat Günü ərəfəsində keçiriləcəkdi. Bunda bir az məntiq də vardı, çünki sonuncu qurultay 5 il qabaq, iyulun11-də keçirilmişdi.
Mətbuat Şurası qeyri-hökumət təşkilatıdır. İlk qurultayı 15 mart 2003-cü ildə keçirilən Mətbuat Şurası ictimai birlik kimi 2003-cü aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Nizamnaməsində yazılır:
4.2. Şuranın ali orqanı ildə bir dəfədən az olmayaraq cağırılan qurultaydır. Qurultayın çağırılması və orada müzakirə olunacaq məsələlər qurultaya bir ay qalmışdan gec olmayaraq Şuranın sədri tərəfindən elan olunur.
Yarandığı ilk illərdə hər il, Nizamnaməyə uyğun olaraq, qurultaylar keçirilib. 2004-cü ildə II qurultay, 2005-ci ildə III qurultay, 23 dekabr 2006-cı ildə IV qurultay. Sonra bir az gecikmə olub. 2008-ci il iyunun 20-də V qurultay keçirilib və bu qurultayda Nizamnaməyə dəyişiklik edilib. Təşkilata sədr seçkisinin 4 ildən bir keçirilməsi qərara alınıb və bu, Nizamnamənin aşağıdakı bəndində əksini tapıb:
4.27. Şuranın Sədri Qurltay tərəfindən İdarə Heyətinin üzvləri arasından 4 il müddətinə gizli səsvermə yolu ilə seçilir.
Növbəti – VI qurultay artıq seçkiyə hesablanmış qurultay olub, yəni Nizamnamə tələbinə uyğun olaraq, ildə bir dəfədən az olmayaraq keçirilməli olan qurultay 5 ildən sonra yada düşüb. Nəhayət, 11 iyul 2013-cü ildə Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən gecikmiş qurultayda Əflatun Amaşov yenidən sədr olub. Bu seçkidən sonra da Nizamnamə pozuntusu davam edib, yalnız prezidentin növbədənkənar seçki qərarı günü Mətbuat Şurasının da qurultay məsələsi gündəmə gəlib. Maraqlıdır ki, bundan bir müddət qabaq, daha doğrusu, bu il yanvarın 19-da “Report”a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib: “Yaxın vaxtlarda Mətbuat Şurasının hesabatı hazırlanacaq. Hesabat verdikdən sonra bu məsələni (qurultay – R.H.) gündəmə gətirəcəyik. Yəqin ki, qurultay bu ilin yazında olacaq”.
Şura sədri qurultayın yazda keçiriləcəyini əminliklə deməyib. Həm də yaz aylarında olacağını bildirib. Martın əvvəli isə yaz yox, qışdır...
Nizamnamədən daha bir sitat gətirsək, Şuranın fəaliyyəti ilə bağlı məsələlərə daha yaxşı işıq sala bilərik.
1.1. Azərbaycan Mətbuat Şurası (bundan sonra «Şura» adlandırılacaq) bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə nail olmaq üçün yaradılmış könüllü, özünüidarəedən, gəlir əldə etməyi fəaliyyətinin əsas məqsədi kimi nəzərdə tutmayan qeyri-hökümət təşkilatıdır. 2.1. Şuranın fəaliyyətinin məqsədinə aşağıdakılar daxildir: 2.1.1. Azərbaycanda söz və mətbuat azadlığının qorunması...
Bu bəndlə bağlı Şuranın hər hansı fəaliyyət göstərmək ağlının ucundan belə keçmirsə, sonrakı bəndlərdə nə yazılmasının heç önəmi yoxdur.
Maraqlı məqamlardan birisə qeyri-hökumət təşkilatının özünü prezidentə sırımasıdır. Mətbuat Şurasının Vikipedia səhifəsində yazılıb:
Tabeçilik: Azərbaycan Respublikası Prezidenti.
Açığı, bu tabeçiliyin hansı şəkildə olduğu, hansı qanunla, nizamnaməylə, fərmanla tənzimləndiyi barədə nə Mətbuat Şurasının saytında, nə də prezidentin saytında məlumat var. Qeyri-rəsmi tabeçiliyi rəsmi kimi təqdim etməyi anlayışla qarşılasaq belə. İndi kimə başa salaq, kimi inandıraq ki, qurultay qərarı Şuranın tabe olduğu idarədən gəlməyib?..
Vaxtı keçmiş qurultayın qəflətən, həm də növbədənkənar prezident seçkisi keçirilməsi ilə bağlı sərəncam verilən gün yada düşməsinin təsadüf olmasına heç Bayıl binasındakıları da inandırmaq mümkün deyil...
Qurultayın işinə uğur arzusu ilə...