İran prezidentinin idarəsi ötən bazar günü – fevralın 4-də islam respublikasının ən mübahisəli məsələlərindən biriylə bağlı meydanı daha da qızışdırıb, qəflətən üç il öncə hazırlanmış hesabat açıqlayıb.
Hesabatda iranlıların, demək olar, yarısının qadınlara baş örtüyü tələbinin ləğvinə tərəfdar olduğu bildirilir. “The New York Times” qəzetinin əməkdaşı Thomas Erdbrınk bu haqda yazır.
Qeyd edək ki, son həftələr onlarla qadın hicaba etirazını bildirib. Hicab İran inqilabının rəmzi sayılır və qadınlardan ictimaiyyət arasına çıxanda başlarını, eləcə də bədənlərini örtmək tələb olunur.
ƏLVERİŞLİ DÖNƏM
Müəllif yazır ki, bu hesabat prezident Hassan Rouhani ilə ölkənin mühafizəkar ədliyyə sistemini qarşı-qarşıya qoymuş olur. Ədliyyə sisteminin cümə günü bildirməsinə görə, hicab etirazlarıyla bağlı 29 nəfər saxlanıb. Hesabatda qeyd edilir ki, iranlıların qadınlar və kişilər və daxil olmaqla 49,8 faizi hicabı şəxsi məsələ sayır və düşünür ki, hökumət bu məsələdə qərar verməməlidir.
Ədliyyə rəsmiləri nümayişləri “uşaq hərəkəti” adlandırıb, israrla bildirib ki, iranlıların əksəriyyəti islami baş örtüyünü dəstəkləyir. Rəsmilər hicaba qarşı çıxanların daha sərt cəzalandırılmasına çağırıb.
Jurnalist hesabatın açıqlanma vaxtına diqqət çəkir. Onun fikrincə, 2014-cü ildə aparılmış tədqiqatın indi açıqlanması onu göstərir ki, prezident indiki dönəmi mühafizəkarlara meydan oxumağa əlverişli sayır.
Müşahidəçilər də bildirirlər ki, prezidentin yaxın müşavirlərindən biri tərəfindən hesabatın açıqlanması Rouhani tərəfindən hesablanmış addımdır. Görünür, o, sosial islahatlarına dəstəyi artırmaq, hakimiyyətə hicab etirazlarına reaksiyanı yumşaltmaq siqnalı vermək istəyir.
“Hökumət göstərmək istəyir ki, hicab etirazlarının yatırdılması qanunsuz və qeyri-demokratik addımdır. İstənilən halda, təzyiq və cəza islama aid deyil”, – Qum şəhərindən islahatçı ruhani Fazel Meybodi deyib.
QADINLARI ƏLƏ ALMAQ
Sərt xətt tərəfdarlarına baxanda mötədilliyi ilə seçilən Rouhani on illər öncə məcburi baş örtüyü ilə bağlı qanunu təqdim etməsiylə öyünürdü. Amma 2013-cü ildə prezident seçiləndən iranlılara daha çox azadlıq verməyə çağırıb.
“Cənab prezident populyarlaşmaq istəyir və komandası da bilir ki, getdikcə daha çox qadın islami geyim kodeksinə qarşı çıxır. Onlar qadınları ələ almaq, eyni zamanda prezidentin populyarlığının azalmamasını istəyirlər”, – hökumətə yaxın siyasi təhlilçi Farshad Ghorbanpour deyir.
Ötən həftə küçədə hicabını çıxarmaqla etirazını bildirmiş, həbs qorxusundan adının çəkilməsini istəməyən bir qadın hesabatı faydalı adlandırsa da, onu yetərli saymır. 28 yaşlı qadının sözlərinə görə, qadınlar tam azadlıq tələb edirlər və hesabat da çoxlarının bu fikirlə razılaşdığını göstərib.
Son bir həftədə onlarla qadın hicabını çıxararaq fotolarını sosial mediada paylaşıblar. Dekabrın 27-də gənc bir qadın baş örtüyünü çıxarıb yelləmişdi. Fəallar onun həmin etirazdan sonra dərhal həbs olunduğunu, daha sonra buraxıldığını bildirir.