İran polisi bildirir ki, baş örtüyünü çıxarmış 29 qadın həbs olunub.
Son günlər İranda məcburi baş örtüyünə etiraz edən qadınların sayı artmaqdadır.
Tasnim xəbər agentliyi fevralın 1-də yazıb ki, polis qadınların xaricdə yaşayan iranlıların apardığı təbliğat kampaniyasına “aldanaraq” baş örtüklərini çıxardıqlarını bildirir.
Həbslərin hamısının Tehranda aparılıb-aparılmadığı bəlli deyil
İranda 1979-cu il islam inqilabından bəri qadınların ictimai yerlərdə örtülü geyinməsi məcburi elan edilib.
DAHA ÖNCƏ 6 QADIN SAXLANMIŞDI
Ölkədəki geyim kodeksinə görə, ictimaiyyət arasına çıxan qadınların saçları və bədənləri qapadılmalıdır.
Əxlaq polis hicab qaydalarına tam əməl etməyənlərə qarşı mütəmadi reydlər keçirir.
Fevralın 1-də yayılmış informasiyadan öncə Tehranda azı altı qadının oxşar etirazlarda saxlandığı deyilirdi.
Baş örtüyünü çıxararaq yelləmiş qadın dünyanın diqqətini çəkib və yanvarın 28-də azad olunub. O, ötən ay saxlanmışdı.
Amnesty International beynəlxalq insan haqları təşkilatı həmin qadının dərhal azadlığa buraxılmasına çağırırdı.
Bu ölkədə məcburi geyim kodeksinə meydan oxuyan fəallar bir neçə həftəlik həbs cəzasına məhkum edilə bilərlər.
Dekabrda İranda daha geniş antihökumət etirazları keçirildi. Azı 22 nəfər öldürüldü, 1000 nəfər saxlandı. Bu etirazlar ilkin olaraq bahalanmaya qarşı başlandı, sonradan miqyası böyüdü.
İran prezidenti Hassan Rohani hicab etirazlarına birbaşa münasibət açıqlamayıb. Amma keçmişdə bu məsələylə bağlı hakimiyyəti mötədil davranmağa çağırmışdı.
“Arxamızda xalq durmasa, onların tənqidini gözardı etsək, heç nəyə nail olmarıq”, – Rohani yanvarın 31-də deyib.
“Ölkədəki bütün məmurlar xalqın tələblərini və arzularını eşitməlidirlər”, – prezident söyləyib.