İran dissidentlərə "kütləvi nəzarət" proqramını işə salıb

İran dissidentlərə "kütləvi nəzarət" proqramını işə salıb
19 Fevral 2018
Mətni dəyiş

İranın aparıcı mühacir dissident qrupunun ötən həftə yaydığı hesabatda deyilir ki, ölkənin xüsusi xidmətləri rejimə etiraz aksiyalarından sonra vətəndaşları daha çox izləməyə başlayıb.

Parisdə fəaliyyət göstərən İran Milli Müqavimət Şurası (İMMŞ) hökumətdəki mənbələrə istinadən bildirib ki, İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) ilə Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi etirazçıları və dissidentləri internet və dövlətin istifadəyə buraxdığı mobil əlavələr vasitəsilə kütləvi izləməyə başlayıb.

İrandan kənarda yaşayanlar da izlənə bilər Bu hesabatdan cəmi bir neçə gün öncə ABŞ kəşfiyyatı özünün illik «Dünyada təhdidlərin dəyərləndirilməsi» hesabatını dərc etmişdi. Sənəddə İrandan qaynaqlanan kiberhücumların artdığı bildirilirdi. İMMŞ-nın hesabatında isə deyilir ki, İİKK özünün sosial mediada işlətdiyi casus proqramını elə uğurla işə salıb ki, hətta İrandan kənarda yaşayan milyonlarla insanı da izləyə bilir.

«The Washington Times» yazır ki, hələlik ABŞ-da da şöbəsi olan qurumun bu iddiasını təsdiqləmək mümkün olmayıb. İran rejimi öz növbəsində İMMŞ-nı ölkədəki zorakı küçə etirazlarında əli olmaqda suçlayıb.

İMMŞ zaman-zaman Vaşinqtonla ziddiyyətli münasibətlərdə olsa da, hesab edilir ki, onun İranda dərin, etibarlı mənbələri var. 2000-ci illərin əvvəllərində İranın nüvə obyektləri haqda məlumatı da bu qurumun aşkara çıxardığı bildirilir.

Ötən həftə çıxan hesabatda deyilir ki, sözügedən mobil əlavə haqda məlumatı İMMŞ-nın əsas üzvü olan İran Xalq Mücahidlər Təşkilatına (MEK) bağlı daxili mənbələr şəbəkəsi verib.

«İİKK-nə aid şirkətlər kütləvi izləmə və repressiyaya xidmət edən, casus proqramları ilə təchiz olunmuş mobil əlavələr hazırlayırlar. Maraqlıdır ki, bu ...əlavələrin bəziləri Google Play, Apple Store və GitHub-da da var. Beləliklə, onlar dünyadakı milyonlarla istifadəçini İİKK-nun casus və izləmə fəaliyyətinin hədəfinə çevirir», – hesabatda deyilir. Bu proqramların Google və Apple tərəfindən reklam olunduğu, populyar, klaud sistemləri əsasında işləyən, son etirazlar zamanı çox istifadə olunan Telegram əlavəsinə bağlı olduğu bildirilir.

«İİKK öz xalqını hədəfə almaq üçün Qərb kibertexnologiyalarını silaha çevirib. Bu əlavələri hazırlayan qurum eyni zamanda rejimin sifarişi ilə ABŞ-a qarşı casus kiberproqramları hazırlayıb. Rejim öncə bu əlavələri İran xalqı üzərində sınaqdan keçirir. Qarşısı alınmasa, növbəti qurban digər ölkələrin xalqları olacaq. Buna görə də reaksiya vermək və nəsə etmək bu qədər vacibdir», – İMMŞ-nin Vaşinqton ofisinin direktor müavini Alireza Jafarzadeh deyir.

«Çəngəl» Sözügedən mobil əlavələrdə Mobogram adlı «çəngəl»dən istifadə olunur. Çox zaman «arxa qapı»larla dolu olan belə «çəngəllər» asanlıqla yarıla bilər.

Telegram-ın baş icraçı direktoru Pavel Durov Mobogram-ın təhlükəsizlik baxımından zəif nöqtələri barədə xəbərdarlıq edib. Ötən ilin iyulunda o, Twitter-də əlavənin köhnəldiyini və «Teleqram-ın İrandan gələn təhlükəli çəngəli» ola biləcəyini, onu istifadəçilərə məsləhət görmədiyini yazmışdı.

Ancaq Jafarzadeh hesab edir ki, belə xəbərdarlıqlarla kifayətlənmək olmaz, Telegram İİKK-nin adamları olan developerlərə lisenziya verməməlidir.

«İranda yaşayan adi adam bunların heç birini bilmir. Onların əlində bu alətlər yoxdur və onlar asanlıqla bu tələyə düşə bilirlər», – Jafarzadeh deyib. O həmçinin deyib ki, ABŞ hökuməti Google və Apple kimi şirkətlərə İİKK ilə bağlı mobil əlavələri öz platformalarına buraxmamaları üçün təzyiq etməlidir.

ABŞ kəşfiyyatının ötən həftə yaydığı hesabatında da İran, Rusiya, Çin və Şimali Koreyanın 2018-ci il ərzində ABŞ-a ən böyük kiberhücumlar edəcəyi qeyd edilir.

İMMŞ-nın hesabatında deyilir ki, rejimə son etiraz nümayişləri «rejimi şok dalğalarına məruz qoyub».

«İranın 80 milyonluq əhalisinin 48 milyonunun smartfonu var. Mobil cihazlar və sosial mesajlaşma platformaları etirazçıların təşkilatlanması, müxtəlif məkanlar arasında məlumat mübadiləsi aparması və öz mesajlarını dünyaya çatdırması üçün mühüm rol oynayıb. Etirazçıların kibertexnologiyadan istifadəsi rejimin Axilles dabanıdır. Çünki o, nə qədər güc tətbiq etsə də, etirazların genişlənməsinin qarşısını ala bilmirdi», – hesabatda daha sonra deyilir.

İMMŞ həmçinin iddia edir ki, İİKK-nə bağlı kiberviruslar BMT-nin dəstəklədiyi Beynəlxalq İnsan Haqları Bəyannaməsinin 19-cu bəndinin ciddi pozulması deməkdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun