Prezident İlham Əliyev ABŞ Dövlət katibi müavininin müşavirini qəbul edib.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.
Məlumatda bildirilir ki, İlham Əliyev ABŞ Dövlət katibi müavininin müşaviri xanım Bridget Brink-i qəbul edib.
Görüşdə demokratik inkişaf, qanunun aliliyinin təmin edilməsi, insan haqlarının qorunması məsələləri ətraflında fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı İlham Əliyev ABŞ-ın “Cənub Qaz Dəhlizi” layihəsinə verdiyi dəstəyin önəmini vurğulayıb.
Bridget Brink ABŞ rəhbərliyinin “Cənub Qaz Dəhlizi” layihəsinə dəstək verdiyini vurğuladı. O, ABŞ-ın Azərbaycanın təhlükəsizlik sahəsində əməkdaşlığa, o cümlədən Əfqanıstandakı sülhməramlı əməliyyatlara verdiyi töhfəni yüksək qiymətləndirdiyini bildirib.
Görüşdə Azərbaycan ilə ABŞ arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib, bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun önəmi qeyd olunub, ABŞ şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyəti, ticarət dövriyyəsinin artırılması və ixrac imkanlarının genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə toxunulub, sabah Bakıda Minsk qrupunun həmsədrləri ilə görüş zamanı münaqişənin həlli ilə bağlı geniş müzakirələrin aparılacağı bildirilib.