Anar Məmmədli
YAP-dan İlham Əliyevin namizədliyinin açıqlanması gözlənilməz xəbər olmadı. Bizim avtoritar rejim öz “milliliyi” ilə digər rejimlərdən fərqlənir. Məsələn, Rusiya və Belarusda iqtidardan “bəlli” namizədi formal da olsa siyasi partiyaların qurultayında və ya toplantısında, ictimai qrupların yığıncaqlarında irəli sürür və adı açıqlanır. Bizdə bu kimi ənənələrə artıq ehtiyac görmürlər. Hakimiyyətdə uzunmüddət qalmağın yaratdığı arxayınçılıq var. Məlumat çoxları üçün sıradan bir açıqlama oldu və hazırda bu xəbər ölkə ya da region üçün ciddi rezonans doğurmur. İndi bölgədə ən önəmli olaylar martda Rusiyada baş verəəck növbəti prezident seçkisi ilə bağlıdır. Seçki ərəfəsində ABŞ-ın elan etdiyi sanksiyalar bu prosesi bir az da cəlbedici edib. Putin də İlham Əliyev kimi öz namizədliyini dördüncü dəfə irəli sürür. Məncə növbəti dönəm prezidentlik üçün Putinin üzləşəcəyi çətinliklər daha çoxdur. Bu həm onun üçün, həm də yaxın komandası üçün kilid dönəmidir. Bu kilid dönəmi tamam başqa bir siyasi mərhələyə keçid dönəmi də ola bilər. Bizim ölkəyə gəldikdə mövcud siyasi şərait aşağı-yuxarı 2008-ci ili xatırladır. O dönəmdə iqtidara alternativsiz seçki mühiti xeyli sərf edirdi. İndi də durum belədir. Siyasi azadlıqlara gəldikdə indiki qədər ağır şərait heç bir seçkidə olmayıb. Məsələn, hazırda ölkədə bloklanmış 5 veb sayt var. Bu seçki ilə bağlı informasiya qıtlığına ciddi zərbədir. Siyasi məhbusların sayı da prezident seçkilərinin heç birində bu qədər çox olmayıb. Bir sözlə siyasi azadlıqlarla bağlı vəziyyət ildən-ilə daha da ağırlaşıb. İqtidar seçkiyə beynəlxalq diqqətin yaranmasını istəmir. Bu baxımdan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna seçki müşahidə missiyası göndərmək üçün dəvət verəcəklərinə skeptik yanaşıram. Nəzərə alsaq ki, həm Avropa Şurası, həm də Avropa Birliyi “Loundromat” olaylarından sonra xeyli ehtiyatlı davranır, bu qurumlardan da tərif eşidəcəklərinə əmin deyiləm. Belə bir şəraitdə demokratik dəyişikliklərdən yana olan insanları düşündürən sual – seçkiyə getmək yoxsa getməmək? Bu suala formal olaraq 4 statusda - seçici, namizəd (ya tərəfdar), müşahidəçi və ya komissiya üzvü kimi cavab vermək olar. Sonuncular bizim ölkədə azad iradə sahibi olmadığından siayhıdan çıxır. Vətəndaş fəallığının olduqca aşağı olduğu bir dönəmdə seçiciləri prosesə qoşmaq üçün bir illlik zaman hazırda yetərli deyil, amma az da deyil. Bu 9 aylıq müddət üçün çeşidli tədbirlər planlaşdırmaq olar, amma bunun neçə faizini həyata keçirmək mümkün olacaq!? Məsələ burasındadır ki, Azərbaycanda seçkinin taleyini həm də seçkiyə getməyən əhali “həll” edir – kimisi etinasızlığı, kimisi inamsızlığı, kimisi də həvəssizliyi ilə. Prezidentliyə namizədlərin kimliyi və gündəliyi seçkidə fəallığa təsir edən mühüm faktorlardandır. İqtidar da məhz bu amili nəzərə alıb namizədlər vasitəsilə seçkinin maraqsız və sıradan bir olay olmasına çalışır. Və müxalif kimliyə və gündəmə malik birdən artıq namizədə dözümlü yanaşacaqlarına, yəni MSK-da qeydiyyatdan keçəcəyinə inanmıram. Bununla yanaşı müxalif qrupların da xeyli zəiflədiyini nəzərə alsaq, bu seçkidə təkbaşına seçkiyə qatılaraq, iqtidara qarşı ümummili kampaniya aparacaq imkan və resursa malik heç bir siyasi təşkilat yoxdur. Yalnız ortada olan müxalif qrupların ortaq seçki bloku vasitəsilə ölkədə ciddi siyasi yarış mənzərəsini yaratmaq olardı. Müşahidəçilərə gəldikdə, yuxarıdakı faktorlar ölkədə milli səviyyədə müstəqil seçki müşahidəçiliyini yaratmağı mümkünsüz edir. Az sayda fəal vətəndaşın sayəsində seçki prosesinə ciddi ictimai nəzarəti yaratmaq hazırda mümkünsüz görünür. Ümumiyyətlə, seçki müşahidəçiliyi üçün seçkiyə getmək və ya getməmək kimi dilemması olmamalıdır. Amma bizdə vətəndaş cəmiyyəti qurumları çökdürülüdüyü və fəal vətəndaşların siyasi mənsubiyyəti xeyli önə çxıdığı üçün seçki prosesinin keyfiyyətini peşəkarcasına dəyərləndirmək imkanları da xeyli aşağıdır.