"The Independent" yazır ki, yeni hərtərəfli geniş hesabatın gəldiyi nəticəyə görə, Şimali Amerika "qüsurlu demokratiya" kimi təsnif edilib.
The Economist Intelligence Unit (EIU) qrupunun illik hesabatının kriteriyalarına görə "qüsurlu demokratiya" əsl demokratiyadan azacıq geridə qalan demokratiya sayılır.
EIU-nu hesabatında ölkələrə reytinq verilməsi üçün demokratiyanın 60 spesifik dəyərinə uyğunluq əsas götürülür.
Bu mənada ABŞ ötən il demokratiya sahəsində 10 mümkün baldan 7, 98-ni toplaya bilib. Analitik qrup qeyd edir ki, bu, əsas etibarilə ABŞ-da prezidentliyə Donald Trump-ın gəlməsi ilə bağlıdır.
ABŞ-da demokratiyanın tənəzzülünə səbəb kimi ictimaiyyətin dövlət təsisatlarına inamının azalması göstərilir.
Beləliklə, dünyanın ən demokratik ölkələrinin siyahısında Amerika ikinci ildir ki, tam demokratik ölkə sayılmır.
İndi ABŞ İtaliya, Cənubi Koreya, Fransa, Çili, Botsvana və Meksika kimi başqa "qüsurlu demokratiyalarla" birlikdə demokratiya indeksindəki 21-ci pilləni bölüşür.
Hesabatda qeyd olunur ki, əgər Trump cəmiyyətin qütbləşməsinin qarşısını almasa, onun ölkəsi avtoritarlığa doğru üzüaşağı yuvarlana bilər.
Bu da bildirilir ki, ABŞ-da Konqres regionlarının yenidən xəritələnməsi siyasi relyefin daha da qütbləşməsi ilə nəticələnib.
Bunun nəticəsində Konqres üzvləri öz partiyalarının praymeriz yarışlarında rəqabətdən qorxaraq, ya sağa (respublikaçılar), ya da sola (demokratlar) meyllənməyə məcburdurlar.
Hesabatda deyilir ki, Trump-ın vergi siyasəti ABŞ cəmiyyətindəki bərabərsizliyi daha da artırmış olacaq.
"The Economist" jurnalı ilə eyni şirkətə daxil EIU-nun hesabatında deyilir ki, ABŞ-da demokratiyanın geriləməsi xüsusilə də qlobal resessiyaların ardınca baş verib.
Ümumiyyətlə isə, hesabatdakı 89 ölkə 2016-cı illə müqayisədə 2017-ci ildə demokratiyanın tənəzzülünə məruz qalıb.
Bu hesabatda ölkələr "tam demokratiya", "qüsurlu demokratiya", "hibrid rejimlər" və "avtoritarlar" kimi dörd kateqoriyaya bölünüb.
Azərbaycan "avtoritar" kateqoriyadadır. Yeri gəlmişkən, Ermənistan ötən il "avtoritar" kateqoriyadan "hibrid rejimlər" kateqoriyasına qalxa bilib.
Media azadlığında isə Azərbaycan Belarus, Çin, Kuba, Ekvatorial Qvineya, Eritrea, Efiopiya, Şimali Koreya, Səudiyyə, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanla birlikdə sonuncu - 154-cü yeri tutur.
"Ümid ona qalır ki, Erdoğan Putinin onu alət etdiyini başa düşsün…"
Britaniya mətbuatı Türkiyənun regiondakı vəziyyətindən də yazıb.
"The Economist" jurnalı yazır ki, Donald Trump-ın NATO-ya sadiqliyi məsələsində yaranmış narahatlıq, habelə Rusiyanın getdikcə artmaqda olan təcavüzkar hərəkətləri alyansın gündəliyində birinci yeri tutan mövzudur.
Lakin bağlı qapılar arxasında müzakirə olunan daha ciddi problem də var. Getdikcə özünü daha çox təcrid edən Türkiyə təkcə NATO-nun ikinci böyük silahlı qüvvələrinə malik ölkə yox, həm də Qərblə Şərq arasında yatan geosiyasi çat xəttinin üstündə dayanan müttəfiqdir, qəzet qeyd edir.
Ankaranın millətçi gündəliyi Türkiyəni müttəfiqlərinə münasibətdə öhdəlikləri ilə üzbəüz qoyur.
Ən son gərginlik Türkiyə və Amerika arasında Ankaranın şimali Suriyaya müdaxiləsinə görə yaranıb. Əslində bu NATO-luq bir məsələ də deyil. Amma iş burasındadır ki, Suriyadakı ABŞ qüvvələri NATO müttəfiqi Türkiyənin birbaşa hücumuna məruz qala bilər, "The Economist" qeyd edir.
"The Economist" yazır: "Ola bilsin, cənab Erdoğan düşünür ki, bu regionda marağı Türkiyədən daha az olan Amerikaya üstün gələ bilər. Erdoğan bəlkə də haqlıdır, amma Suriyada toqquşan maraqlar Türkiyənin NATO ilə narahatedici münasibətlərindəki faktorlardan yalnız biridir".
Məqalədə deyilir ki, hətta 2016-cı ilin iyul çevriliş cəhdindən əvvəl də Türkiyənin avtoritarlığa yuvarlanması NATO üzvləri arasında narahatlığa səbəb olmuşdu. Baş tutmayan çevriliş cəhdindən sonra isə bu narahatlıqlar daha da artıb.
Bu çevriliş cəhdi zamanı onun nəzərində Rusiya prezidenti Vladimir Putindən fərqli olaraq, qeyri-səmimi davranmış Qərb Erdoğanın kin-küdurətinə səbəb olub.
Türkiyə generallarının 38 faizi qovulub
Bunun ardınca Erdoğan öz ölkəsində Fethullah Gülenlə bağlılıqda şübhəli bildiyi 50 min insanı həbs etdirib, daha 110 min insan işdən çıxarılıb. Bunlardan təxminən 11 mini hərbi zabitlər və pilotlardır.
Bir türk hərbi təhlilçinin dediyinə görə, Türkiyə generallarının 38 faizi ordudan qovulub. Bunlardan bir çoxu qərbpərəst, dünyəvi baxışlı olduqlarına görə hədəfləniblər.
Türkiyənin NATO-dakı 400-dək müşaviri vəzifəsindən azad edilib və ya geri çağrılıb. Onların əksəriyyəti repressiya burulğanına düşməkdənsə, öz vətənlərindən qaçaq düşmək yoluna üstünlük verib.
Orduda bu zabitlərin yerlərini Erdoğana loyal, lakin əksər hallarda NATO-ya düşmən, NATO-nun düşmənlərinə rəğbətli şəxslər tutub. Alyansın ali baş komandanı general Curtis Scaparrotti Türkiyə Silıahlı Qüvvələri baş qərargahının deqradasiyada olduğunu deyib.
Başqa bir epizodda isə Almaniya millət vəkillərinə Türkiyənin İncirlik və Konya hərbi bazalarındakı alman kontingentinə baş çəkmək icazəsi verilməyib. Təhlilçilər buna səbəb kimi Erdoğan nazirlərinə Almaniyada keçirilən AKP mitinqlərində iştirak etmək imkanı verilməməsini göstərirlər.
Bu məsələyə yalnız NATO-nun baş katibi Jens Stoltenberg müdaxilə edəndən sonra Ankara Almaniya deputatlarına Konyadakı AWACS ekipajlarına baş çəkmək icazəsi verib. Bu güzəştə baxmayaraq, Almaniya İncirlikdəki Tornado təyyarələrini İordaniyadakı Müvəffəq Salti bazasına köçürüb. Bu, NATO-ya 143 milyon dollara başa gəlib.
Özü kimi "güclü kişi" Putin
Çevriliş cəhdindən sonra Türkiyənin Rusiya ilə yaxınlaşması xüsusi narahatlıq doğurur. Erdoğan Suriyadakı problemlərin həllində özünə müttəfiq kimi Kremli seçib.
Erdoğan Putini özü kimi "güclü kişi" hesab edir. Türkiyə prezidenti Putinlə yaxınlaşmaqla sanki NATO-ya başqa variantların da olduğu barədə mesajlar göndərir. Lakin cənab Putinin nəzərində Erdoğan NATO-nu parçalayaraq zəif salan alətə çevrilib.
Cənab Erdoğanın yanussayağı ikiüzlü siyasətinin daha bir göstəricisi Ankaranın Moskva ilə S-400 raket sistemlərinin alınması barədə bağladığı saziş olub. S-400-ün NATO sisteminə inteqrasiya olunmaması bir yana, bu sistemi ən azı ilkin mərhələdə Türkiyə ərazisində elə ruslar idarə edəcəklər.
"The Economist" yazır ki, məhz buna görə də NATO istər-istəməz Türkiyəni özünün informasiya mübadiləsi şəbəkəsindən kənarda qoya bilər. Bu isə özlüyündə Türkiyənin NATO ilə vidalaşması demək olacaq.
Bunu baxmayaraq, NATO rəsmiləri özlərini o yerə qoymamağa çalışırlar. Onlar bildirirlər ki, Türkiyə havadan müdafiə raket sistemlərinin alınması üçün Avropanın Eurosam konsorsiumu ilə müqavilə bağlayıb. Onlar bunu da vurğulayırlar ki, Türkiyə alyansın missiyalarını - məsələn, Kabul aeroportunun mühafizəsini davam etdirir. Ankara həm də NATO-Aİ təhlükəsizlik sazişinə maneçilik törətməyib, halbuki istəsə bu razılaşmanı bloklaya bilərdi. Və ən nəhayət Türkiyənin terrorla bağlı narahatçılığı onun NATO müttəfiqləri tərəfindən bölüşdürülür.
Bu da qeyd olunmalıdır ki, bütün deyilənlərə və yazılanlara baxmayaraq, Türkiyənin NATO üzvü kimi əhəmiyyəti bu gün hər zaman olduğundan daha çoxdur.
Ümid onadır ki, Erdoğan Putinin ondan öz məqsədləri üçün alət kimi istifadə etdiyini biləcək, "The Economist" yazır.