Fevralın 23-də Almaniyada mühacir həyatı yaşayan Tural Sadıqlının qardaşı Elgiz Sadıqlının 30 sutka inzibati cəza aldığı bildirilir.
Bu barədə onun atası Əlövsət Sadıqlı məlumat yayıb. Onun bildirməsinə görə, O, bu barədə Daxili İşlər Nazirliyindən məlumat alıb:
“Daxili İşlər Nazirliyindən bildirdilər ki, Sabunçu Rayon Məhkəməsi ona 30 sutka inzibati həbs cəzası verib. Amma motiv nədir, hansı maddə ilə verilib, heç bir məlumat ala bilmədik. Sabunçu Rayon Polis İdarəsindən bizə dedilər ki, Elgiz Sadıqlını Binəqədidəki təcridxanaya göndəriblər. Biz də getdik həmin təcridxanaya. Amma təcridxanada bizə bildirdilər ki, burada belə bir adam yoxdur”.
Ata: “Bu insan haradadır?”
Əlövsət Sadıqlı deyib ki, Sabunçu Rayon Polis İdarəsinə təkrar getməzdən öncə məhkəməyə də baş çəkib:
“İstədik ki, inzibati həbsin səbəbini öyrənək. Amma təəssüf ki, növbətçi məhkəmə olmadı. Əlacımız kəsildi, yenidən Sabunçu Rayon Polis İdarəsinə getdik. Orada da bizə dedilər ki, sizə təcridxanada düz deməyiblər. Yenidən Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Amma oradan da əlavə məlumat ala bilmədik. Axırda fikirləşdik ki, ona işgəncə verilə bilər. Ona görə xəstəxanaları gəzirik. Ərazi üzrə Sabunçu rayon xəstəxanasına gəlmişik. Deyirlər ki, burada da qeydiyyatda yoxdur. İndi anlamaq olmur ki, bu insan haradadır? Bu adamı tutanlar bəli, hökm oxuyanlar bəlli bəs haradadırlar?”
Əlövsət Sadıqlının bu açıqlamasına, hələlik, hüquq mühafizə orqanlarından münasibət almaq mümkün olmayıb.
Elgiz Sadıqlını 19-cu Polis Bölməsinin əməkdaşlarının iş yerindən apardığı deyilir.
O, 1978-ci ildə doğulub. Jurnalistika fakültəsini bitirsə də, başqa sahədə çalışırdı.
Elgiz Sadıqlı, hələ, 2015-ci ildə də saxlanmışdı. Haqqında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi ilə narkotik vasitələrin saxlanması və dövriyyəsi) cinayət işi açılaraq barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilmişdi. Amma sonradan Apelyasiya Məhkəməsi E.Sadıqlı haqda 2 il şərti cəza qərarı çıxartmaqla onu məhkəmə zalından azad etmişdi.
Xatırlatma
Bu il fevralın 20-də Almaniyada mühacir olan Tural Sadıqlı Ağdam rayonunda yaşayan əmisi Zahir Sadıqovun da polisə aparıldığını və daha sonra buraxıldığını açıqlamışdı.
Tural Sadıqlının atasının özü də polisə aparıldığını deyib. Əlövsət Sadıqlının bildirməsinə görə, onu fevralın 18-də Bakıda 12 saylı polis bölməsinə aparıb, fevralın 19-i saat 12 radələrində sərbəst buraxmışdılar.
O, həmçinin demişdi ki, polis bölməsində aparılan söhbətlərdə T.Sadıqlının yazılarını, Avropada keçirilən aksiyalardakı fotolarını göstərərək bunu dövlətə qarşı çıxmaq kimi dəyərləndiriblər.
Ə.Sadıqlının polisə aparılması, orada sorğu sual edilərək buraxılması ilə bağlı ötən ilin yanvarında da məlumat yayılmışdı. Onda T.Sadıqlı açıqlamasında bunları bildirmişdi:
"Yanvarın 18-də Berlində keçirdiyimiz aksiya Azərbaycan hakimiyyətinin qəzəbinə səbəb olub".
Amma Azərbaycanın hüquq-mühafizə orqanları qohumluq əlaqələrinə görə vətəndaşlara basqı edilməsi ilə bağlı iddiaları ümumilikdə təkzib edir.
Azərbaycan rəsmilər deyirlər ki, ölkədə bütün fundamental azadlıqlar qorunur.