BMT-nin baş katibi Antonio Guterres Suriyadakı vətəndaş müharibəsində tərəfləri 30 günlük atəşkəsə “dərhal” əməl etməyə çağırıb.
BMT İnsan Haqları Şurasının açılışında danışan Guterres deyib ki, yardım agentlikləri Dəməşq yaxınlığında üsyançıların əlində olan anklava həyat üçün vacib ləvazimatları çatdırmağa hazırdır.
Fevralın 24-də qurumun Təhlükəsizlik Şurası qətnamə qəbul edərək Suriyada münaqişə zonalarına yardım, tibb ləvazimatları çatdırmaqdan ötrü bir aylıq atəşkəs tələb edib.
“Şərqi Quta gözləyə bilməz. Yer üzündəki bu cəhənnəmi dayandırmağın vaxtı çatıb”, – Guterres Cenevrədəki toplantıda söyləyib.
BMT-nin insan haqları üzrə rəsmisi Zeid Ra'ad al-Hussein fevralın 26-da Qutaya hava zərbələrinin davam etdiyini bildirib.
Kremlin sözçüsü Dmitry Peskov-sa Moskvada deyib ki, Qutadakı durum həyəcanlıdır və “terrorçular yerli sakinlərdən girov kimi istifadə edir”.
Rusiyanın xarici işlər naziri Sergei Lavrov-un deməsinə görə, Suriyada atəşkəs rejimini bütün tərəflər onun icrasına razılaşınca qüvvəyə minəcək. O, atəşkəsin “terrorçu qruplar”a aid olmadığını da dilə gətirib.
***
İran bildirir ki, Dəməşq yaxınlığındakı “terrorçular”a hücumlar davam edəcək, amma Tehranla Suriya hökuməti BMT-nin Suriyanın qalan yerlərində elan etdiyi 30 günlük atəşkəsə də sayqıyla yanaşacaq.
Bu arada Türkiyə də elan edib ki, atəşkəs Suriyanın şimalında kürdlərin Afrin anklavına hərbi hücuma təsir göstərməyəcək.
“TƏMİZLƏMƏ ƏMƏLİYYATI DAVAM EDƏCƏK”
İran ordusunun baş qərargah rəisi, general Mohammad Baqeri fevralın 25-də yarı-rəsmi Tasnim xəbər agentliyinə deyib ki, İranla Suriya BMT Təhlükəsizlik Şurasının bir gün öncə qəbul etdiyi atəşkəs qətnaməsinə əməl edəcək.
“Atəşkəs Dəməşq kənarında terrorçuların nəzarətində olan hissələrə aid deyil, orada təmizləmə əməliyyatları davam edəcək”, – Baqeri söyləyib.
Türkiyə baş nazirinin müavini Bekir Bozdag fevralın 25-də televiziyayla çıxışında deyib ki, Ankara “terrorçuların” təqibini davam etdirəcək, atəşkəs “Türkiyənin apardığı əməliyyata təsir göstərməyəcək”.
Türkiyə Afrinə nəzarət edən Suriya kürd yaraqlılarının YPG qruplaşmasını qadağan olunmuş PKK-nın bir qanadı, terror qrupu sayır.
Türkiyə ötən ay Afrində hava və quru əməliyyatına başlayıb.
YPG isə atəşkəsə hörmətlə yanaşmağa hazır olduğunu, amma eyni zamanda “Türkiyə ordusunun istənilən təcavüzünə cavab vermək hüququnu saxladığını” bildirib.
QUTAYA ZƏRBƏLƏR DAVAM EDİR
Fevralın 25-də hökumət qüvvələri Dəməşq yaxınlığında üsyançıların əlində olan şərqi Qutaya hava zərbələri endirib, azı yeddi dinc sakin öldürülüb, onlarla yaralı var. Məlumatı Britaniyada mənzillənən Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı yayıb.
Rusiya Xarici İşlər Nazirliyi isə Suriyadakı antirejim qüvvələrini atəşkəsə əməl etməyə çağırıb.
Fransa prezidenti Emmanuel Macron və Almaniya kansleri Angela Merkel fevralın 25-də Rusiya lideri Vladimir Putin-lə telefon söhbətində Suriyada 30 günlük BMT atəşkəs planının icrasını müzakirə ediblər.
Kremlin məlumatına görə, liderlər Suriyayla bağlı “informasiya mübadiləsi”ni sürətləndirməyə razılaşıblar.
Almaniya hökuməti sözçüsünün deməsinə görə, Merkel-lə Macron Putin-i şərqi Qutada atışmanın dayandırılmasından ötrü Suriya hökumətinə “maksimum” təzyiq göstərməyə çağırıb.
Fəallar şərqi Qutanın bombalanması nəticəsində 500-dən çox dinc sakinin həlak olduğunu bildirir.