“The Guardian” qəzetinin redaktor müavinlərindən Simon Tisdall yazır ki, Rusiyada gələn ay Putinin qalib gələcəyi daha bir seçki keçiriləcək.
Bəs görəsən niyə belə olur? Normal ölkədə 1999-cu ildən bəri hakimiyyətdə olan prezident daha bir seçkini necə uda bilərdi?
Onun fikrincə bu ona görə baş verir ki, Rusiyada keçiriləcək seçkinin yalnız adı seçkidir. Həqiqətdə isə bu, korrupsiyalı oliqarxiyaya demokratik don geyindərəcək saxtakarlıqdır. Müəllif qeyd edir ki, ruslar yuxarıdan idarə olunmağa öyrəncəlidirlər. Burada təzə bir şey yoxdur.
Təəccüblüsü buna Qərb demokratiyalarının biganıə baxmasıdır, Tisdall yazır
Putinə 18 martda növbəti qələbəni verəcək sistemin nəzakətli adı “idarə olunan demokratiyadır”. Bu seçkiyə Putinin ən sanballı rəqibi ola biləcək Aleksey Navalnıburaxılmayıb. O rusları seçki boykotuna çağırıb.
Tisdall yazır ki, Putinin telekanallara və mediaya nəzarət etməsi yalnız o vaxt gözə görünür ki, onun siyasi opponentləri məhkəmə qarşısına çıxarılır.
Rusiyada prezident debatları keçirilmir, icazə verilməmiş rəy sorğuları aparılmır. Rəqib namizədlər var, amma onların yeganə məqsədi seçkiyə legitimlik görüntüsü verməkdir.
Hətta liberal və geypərəst Kseniya Sobçakın da putinizmə alternativ olduğu barədə bəyanatlarına inanmaq olmur. Sobçak bu yaxınlarda Putinin müttəfiqi Ramzan Kadırovun Çeçenistanına səfərdə olarkən polis və quldur dəstələri tərəfindən qısnanıb, kişilər ucadan onun ata oxşadığını qışqırıblar.
Bu siyasət teatrında Putin qüvvə və davamlılıq nümayiş etdirir. O böyük səs çoxluğu ilə qalib gəlməyi planlaşdırır. Siyasi təhlilçilər deyirlər ki, onun məqsədi bu seçkidə ötən seçkidəki 64 faiz səs bareyerini aşmaqdır. Digər tərəfdən o təmiz seçki istədiyini iddia edir və 2012-ci ilin küçə etirazlarının təkrarlanmasından çəkinir.
Başqa sözlərlə Putin ikisi bir yerdə mümkün olmayan iki şey istəyir: həm əsl seçki, həm də risksiz-filansız qələbə. Başlıcası budur ki, o bunlara nail olur.
Tisdall yazır ki, belə bir saxta seçki İran və ya Zimbabvedə keçirilsəydi, Ağ Evdən gündəlik tvit qəzəbləri yağardı. Amma Donald Trump təəccüblü şəkildə susur. Niyə? Çünki onun Kremldəki kişiyə rəğbətli olduğunu hamı bilir.
Məqalədə deyilir ki, Navalnının seçkiyə buraxılmaması Ağ Evdən nəinki tənqid görməyib, əksinə Trump ötən həftə Rusiyanın üzərinə əlavə sanksiyaların qoyulmasından boyun qaçırıb.
Tisdall yazır ki, Putinin Rusiyası və Trump-ın sıfır reaksiyası qlobal təhlükə yaradır.
Ötən həftə ABŞ Senat azlığının açıqladığı hesabatda deyilirdi ki, “Putin hökuməti Avropada və ABŞ-da demokratiyanı gözdən salmaq üçün aramsız hücumlar edir”.
Cənab Putinin Kremli assimmetrik cəbbəxanadan istifadə edir. Bura hərbi müdaxilələr, kiberhücumlar, şübhəli siyasi qruplara dəstək, enerji resurslarının silaha çevrilməsi, mütəşəkkil cinayətkarlıq və korrusiya daxildir.
Senatın həmin hesabatında bu da deyilirdi ki, “əgər Qərb bu mürəkkəb və artan hədəyə qarşı təcili tədbirlər görməsə, Putin bütün bu cəbbəxananı daha da gücləndirəcək və Moskva dünya boyunca, ABŞ-ın 2018-ci il seçkisi də daxil demokratiyalara hücum edəcək.
“Hələ indiyədək heç vaxt ABŞ-ın heç bir prezidenti ölkənin milli təhlükəsizliyinə qarşı belə hədəyə biganə qalmayıb” – Tisdall yazır.
“Bu məqamda kor olan təkcə Trump deyil, – Tisdall yazır, – Theresa May ötən noyabrda Putini başqa ölkələrin seçki və referendumlarına müdaxilədə ittiham edib. Lakin indi nə May, nə də Britaniyanın xarici işlər naziri Boris JohnsonPutininRusiyadakı seçkini oğurlamasına laqeyd qalırlar. Onların bu sükutu Afrikada və başqa yerlərdə demokratiyanın müdafiəsinə verdikləri bəyanatlarla ziddiyyət təşkile dir.
Avropanın iki aparıcı dövləti – Almaniya və Fransa da səslərini çıxarmırlar.
Tisdall-ın fikrincə Qərb hökumtələrinin də cavab olaraq Rusiya seçkisinə kiber və dezinformasiya hücumu edə biləcəyinə inanmaq çətindir. Əgər onlar bunu etməyə çalışırlarsa da, deməli bacarmırlar.
Məqalədə deyilir ki, Qərbin susqunluğu Rusiyanın Ukraynada, Balkanlarda, Suriyada törətdiyi qanunsuz hərəkətlərə də şamil edilir.
“Bəlkə Qərb liderləri Putin yıxılarsa, yarana biləcək qeyri-sabitlik, maliyyə və enerji xaosundan narahatdırlar. Bəziləri deyirlər ki, biz Rusiyanı və Putini başa düşmürük. Halbuki bütün dünya yalançını və cığalı yaxşı başa düşür” – məqalədə deyilir.