Azərbaycan Demokratiya və Rifah Hərakatı növbədənkənar prezident seçkiləri ilə bağlı mövqeyini açıqlayıb.
Təşkilatın yaydığı bəyanatda deyilir:
“ADR Hərəkatı səbəbləri açıqlanmadan və zərurəti izah edilmədən qəfil və tələsik verilmiş “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncamı Azərbaycanda demokratiyaya növbəti qəsd, ictimai-siyasi qüvvələrə, seçicilərə və bütövlükdə xalqımıza qarşı hörmətsizlik kimi dəyərləndirir. Seçki sistemində islahat aparılmadan, seçki qanunvericiliyi təkmilləşdirilmədən növbədənkənar seçkilərlə bağlı bu sərəncam hakimiyyətin sağlam rəqabət şəraitində mübarizə aparmağa, bərabər şərtlərlə yarışmağa, bir sözlə azad və ədalətli seçkilərin keçirilməsinə hazır olmadığını göstərir.
ADR Hərəkatı hesab edir ki, siyasi dustaqların mövcudluğu, jurnalistlərin, bloqqerlərin və digər fəalların həbsdə saxlanıldığı, təqiblərin davam etdiyi, azad mətbuatın və vətəndaş cəmiyyətinin sıradan çıxarıldığı, siyasi təşkilatların fəaliyyətinin məhdudlaşdırıldığı hazırkı zamanda prezident seçkisinin yerli və beynəlxalq səviyyədə müstəqil müşahidə və monitorinq misiyasının iştirakı olmadan tələsik təşkili, seçkidə əsas alternativlərin iştirak etməməsi onun legitimliyini şübhə altına alır.