357 milyon uşaq konflikt zonasında yaşayır

357 milyon uşaq konflikt zonasında yaşayır
15 Fevral 2018
Mətni dəyiş

Dünyada azı 357 milyon uşaq konflikt zonasında yaşayır.

Bunu “Save the Children” təşkilatı yeni hesabatında bildirir. “Uşaqlarla müharibə: Silahlı münaqişələrdə uşaqlara qarşı zorakılığa son qoymaq vaxtıdır” adlı hesabatda bildirilir ki, münaqişə zonasında yaşayan uşaqların sayı 1990-cı illərdən bəri 75% artıb. Hazırda dünyada hər altı uşaqdan biri müharibənin zərbə vurduğu ərazidə yaşayır.

ƏN TƏHLÜKƏLİ ZONALAR

Bu uşaqların, demək olar, yarısı yüksək gərginlik zonalarındadır. Burada onlar BMT-nin çox ağır saydığı altı pozuntuya məruz qala bilərlər – qətlə yetirilə, əlil edilə, silahlı qruplaşmalara cəlb oluna, cinsi zorakılığa, oğurlanmaya məruz qala bilərlər, məktəblərə, xəstəxanalara hücum oluna, onlara humanitar yardım çatdırılmaya bilər.

BMT bildirir ki, 2010-cu ildən bəri öldürülən və şikəst edilən uşaqların sayı 300% artıb, humanitar yardımın çatdırılmadığı hallar isə 1500%-dən çox yüksəlib. Üstəgəl, müharibə qaydalarına da əməl olunmayıb.

Araşdırmanı “Save the Children” və Oslo Sülh Araşdırmaları İnstitutu aparıb, sənəd Münhen Təhlükəsizlik Konfransı ərəfəsində açıqlanır. Müəlliflər ümid edirlər ki, bu, dünyanın siyasi, hərbi və təhlükəsizlik liderlərinə münaqişələrdə uşaqların qorunması tədbirlərini razılaşdırmaq imkanı verəcək.

Sənəddə qeyd olunur ki, müharibədə uşaqlar getdikcə daha çox qəddar taktikaya məruz qalırlar. Onlardan intiharçı bombaçılar kimi istifadə olunur. Yaxud məktəblərə, xəstəxanalara birbaşa hücum edilir. Uşaqlar həmçinin çəllək bombalar, əldəqayırma partlayıcı maddələrin hücumlarından da sığortalanmayıblar.

2016-cı ildə uşaqlar üçün ən təhlükəli müharibə zonaları Suriya, Əfqanıstan və Somali olub. Yaxın Şərqdə isə hər 5 uşaqdan ikisi münaqişə zonasındadır – bu, dünyada ən böyük göstəricidir.

Afrikada hər 5 uşaqdan biri münaqişədən əziyyət çəkir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun