Azərbaycan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna prezident seçkilərini müşahidə etməklə bağlı dəvət göndərib.
Bu barədə ATƏT DTİHB-nun mətbuat xidməti məlumat verib.
Bundan daha öncə ATƏT Azərbaycana qiymətləndirmə missiyası göndərmək barədə qərar qəbul edib. Bildirilir ki, hazırda ehtiyacların qiymətləndirilməsi missiyasının formalaşdırılması ilə bağlı işlər aparılır:
“Planlaşdırma davam etdiyi üçün hələlik onların səfəri və tərkibi barədə məlumat yoxdur”.
2016-ci il sentyabrın 26-da keçirilmiş referendum nəticəsində qanunvericiliyə edilmiş dəyişikliklərə görə, Azərbaycan Prezidentinə növbədənkənar prezident seçkisi təyin etmək səlahiyyəti verilib.
2018-ci il fevralın 5-i prezident İlham Əliyev 11 aprel tarixində növbədənkənar prezident seçkisinin keçirilməsi barədə sərəncam imzalayıb.
Prezident seçiləcək şəxs ilk dəfə olaraq 7 il müddətinə ölkəyə rəhbərlik edəcək. Buna qədər Azərbaycanda prezidentlik müddəti 5 il idi.