Rusiyalı kişilər Ukraynaya buraxılmayacaq

Rusiyalı kişilər Ukraynaya buraxılmayacaq
1 Dekabr 2018
Mətni dəyiş

Ukrayna prezidenti Petro Poroşenko 16-60 yaşlı rusiyalı kişilərin ölkəyə girməsini yasaqlayıb.

Prezident qərarını noyabrın 30-da elan edib.

Poroşenko “twitter”də yazıb ki, rusiyalı səyahətçilərə qadağanın məqsədi rusiyalıların Ukrayna torpağında “özəl ordular” formalaşdırmasını önləməkdir. (Azadlıq Radiosu)

Rusiya Ukraynanın addımına cavab veriləcəyini bildirib. Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova Ukrayna hökumətini adi adamları incidən siyasət yürütməkdə suçlayıb.

Noyabrın 25-də Rusiya Krım yaxınlığında Ukraynanın üç gəmisini və 24 dənizçisini ələ keçirib. Tərəflər bir-birini provokasiyada ittiham edir.

Ukrayna sərhəd xidmətinin rəhbəri Petro Tsigikal sərhəd buraxılış məntəqələrinin gücləndirildiyini deyib.

Poroşenko noyabrın 29-da demişdi ki, Ukraynada Rusiya vətəndaşlarına “qadağalar” tətbiq edəcək. Ölkənin sərhəd xidmətinin məlumatına görə, bəzi regionlarda hərbi vəziyyət elan olunmasından dolayı Krıma yalnız Ukrayna vətəndaşları buraxılacaq.

Krıma Rusiyanın təyin etdiyi ombudsmanın sözlərinə görə, ələ keçirilmiş Ukrayna dənizçiləri Moskvaya aparılır.

Rusiya həmin ukraynalıların sərhədi pozduğunu, Ukrayna isə gəmilərinin beynəlxalq dənizçilik qaydalarına uyğun hərəkət etdiyini bildirib. Həftənin əvvəlində Krım məhkəməsi dənizçilər barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

Kreml isə ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə Argentinada gözlənən görüşünü ertələməsindən məyusluğunu dilə gətirib. “Bu, o deməkdir ki, beynəlxalq və ikitərəfli gündəmdən bir sıra vacib məsələlərin müzakirəsi qeyri-müəyyən vaxta təxirə salınır”, – Putinin sözçüsü Dmitry Peskov Rusiya dövlət mediasına bildirib.

Onun sözlərinə görə, Putin “amerikalı həmkarıyla əlaqələr qurmağa hazırdır”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun