Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sumqayıtda fəaliyyət göstərən ictimai-iaşə obyektlərində monitorinq keçirib. Bu barədə nazirlik açıqlama yayıb.
Məlumata görə, yoxlama obyektlərdən atmosferə atılan tullantıların minimuma endirilməsi, mövcud standartlara cavab verən qurğuların quraşdırılmasının yoxlanılması məqsədilə aparılıb.
Monitorinq zamanı 22 şadlıq saraynın ətraf ərazilərindən analiz aparılması üçün hava nümunələri götürülüb.
Analizlərin nəticələrinə əsasən, 19 şadlıq sarayında atmosfer havasına atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib. Faktla bağlı akt və protokol yazılıb, cərimələr tətbiq edilib.
Mövcud standartlara cavab verən qurğuların quraşdırılması məqsədilə şadlıq saraylarının rəhbərlərinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Aparılan araşdırma və monitorinq zamanı yalnız “Okean”, “Park Palace”, “Kiparis” şadlıq saraylarında təmizləyici qurğunun quraşdırıldığı məlum olub.