Gürcüstan parlamenti marixuanadanistifadə ilə bağlı ölkənin Daxili İşlər Nazirliyinin hazırladığı qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, yeni qanunla marixuanadan istifadayə sərt qanun çərçivəsində nəzarət olunacaq.
Yeni qanuna əsasən, marixuanadan istifadəyə yalnız şəxsi məkanda yol veriləcək. İstənilən ictimai yerlərdə marixuanadan istifadəyə cəza tətbiq olunacaq. Xidməti vəzifələrini yerinə yetirən zaman müəyyən peşə sahiblərinə (müəllim, həkim, dövlət məmuru və s.) marixuanadan istifadə qadağan olunub.
21 yaşa qədər olan gənclərin istənilən məkanda marixuanadan istifadə etməsi cəzalandırılacaq. Marixuanadan istifadə hallarında onlara qarşı 500 laridən (185 dollar) 1 000 lariyədək (371 dollar) cərimə tətbiq olunacaq. Qanun pozuntusuna təkrar yol verilərsə, cərimə 1 500-2 000 lariyə (557-744 dollar) qədər artacaq.
Nəqliyyat vasitələrini marixuananın təsiri altında idarə edən şəxslərə qarşı cərimə və ya bir ilədək həbs cəzası nəzərdə tutulur. Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs yol nəqliyyat hadisəsi törədərsə, ona qarşı 4 ildən 6 ilədək, qəza zamanı insan ölümünə səbəb olarsa, 6 ildən 9 ilədək, iki və ya daha çox insanın ölümünə səbəb olduğu halda isə 8 ildən 12 ilədək həbs cəzasına məhkum olunacaq.
Bundan əvvəl Gürcüstandan Azərbaycana marixuana keçirilməsinin qarşısı alınıb.