Fransa prezidenti kütləvi etirazlara görə fövqəladə iclas çağırıb

Fransa prezidenti kütləvi etirazlara görə fövqəladə iclas çağırıb
2 Dekabr 2018
Mətni dəyiş

Dekabrın 1-də Fransada keçirilən kütləvi etiraz aksiyaları zamanı baş verən toqquşmalarda 130-dan çox adam xəsarət alıb.

Bu barədə Reuters agentliyi Fransa polisinə istinadla xəbər verir. Bundan başqa 400-dən çox aksiyaçının saxlandığı xəbər verilir.

Artıq bir neçə həftədir ki, Paris və Fransanın digər şəhərlərində dizel yanacağına verginin artırılmasına qarşı kütləvi aksiyalar keçirilir.

Polisin məlumatına görə, xəsarət alanlardan 23-ü polisdir.

Aksiyaçılar Parisin mərkəzində barrikadalar qurub, tonqal qalayıb, polisi daşa basıb, avtomobil və digər əmlaklara ziyan vurublar.

Öz növbəsində polis gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib.

Şəhərdə onlarla metro stansiyası bağlanıb.

Fransa prezidenti Emmanuel Macron yaranmış vəziyyətlə bağlı dekabrın 2-də fövqəladə iclas çağırıb.

Məlumatlara görə ölkədə fövqəladə vəziyyət rejimi də tətbiq oluna bilər.

Macron zorakılığa görə cavabdehlik daşıyanların məsuliyyətə cəlb ediləcəklərini vəd edib.

Fransa hakimiyyəti dəfələrlə bəyan edib ki, dizel yanacağına vergini qaldırmaqda məqsəd, ətraf mühitin çirklənməsinin qarşısını almaq və ekoloji cəhətdən daha təmiz avtomobillərin istehsalını genişləndirməkdir.

Fransa mətbuatının yazdığına görə, ölkə boyu keçirilən nümayişlərdə ümumilikdə 75 minədək adam iştirak edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun