Britaniyanın baş naziri Theresa May özünün Mühafizəkar Partiyasından olan millət vəkillərinin etimad səsverməsindən qalib çıxıb.
İki saatadək davam edən prosesin sonunda partiyadaşlarından 200-ü onu dəstəklədiyini bildirib. 117 millət vəkili Theresa May-in baş nazirliyi əleyhinə səs verib.
Azadlıq Radiosunun məlumatına görə, baş nazirə qarşı çxıan partiya üzvləri onun ölkənin Avropa İttifaqından çıxması və ya Brexit prosesinə liderlik etməyə layiq olmadığını deyirdilər.
2016-ci ildə Britaniyanın Avropa İttifaqından çıxması nəticəsi ilə başa çatmış referendumdan az sonra baş nazir olmuş May Brüssellə apardığı danışıqlarda “yumşaq” mövqeyinə görə tənqid olunur. O Brexit prosesini işə salacağını vəd etsə də, bildirir ki, ölkə Avropa İttifaqı ilə sıx münasibətlərdə qalmaqda davam edəcək.
Theresa May-ə etimad göstərməyənlər onun 2022-ci il seçkisinədək vəzifəsindən getməsini tələb edirdilər.
Partiya daxilində yaranmış qeyri-müəyyən, lakin gərgin vəziyyət May-in dekabrın 10-da parlamentdə keçirilməli olan səsverməni təxirə salması ilə nəticələnib.
Həmin səsvermədə millət vəkilləri xanım May-in Britaniyanın Avropa İttifaqından çıxmasına dair planına səs verməli idilər. Bu plan May və İttifaq rəsmiləri arasında artıq razılaşdırılıb.
Lakin May-in həm Avropa tərəfdarları, həm də əleyhdarlarından olan tənqidçiləri bu plandan narazıdırlar.
Brexit tərəfdarları bildirirlər ki, bu plan ölkənin Avropa İttifaqından çıxmasına aid olsa da, onların fikrincə, ölkənin blokdan tamamilə aralanmasını təmin etmir.
Britaniyanın Avropa İttifaqından çıxışını əngəlləyən ən böyük məsələlərdən biri də Şimali İrlandiya ilə İrlandiya Respublikası arasındakı sərhədin açıq-bağlılığı məsələsidir.
Şimali İrlandiya millətçiləri hazırda açıq olan bu sərhədin bağlanmasına kəskin etiraz edirlər. Sərhəd məsələsi Brexit-ə qədər heç bir çətinlik yaratmırdı, çünki həm İrlandiya Respublikası, həm də Britaniya bir ittifaqın üzvü kimi aralarındakı sərhədi açıq saxlayırdılar.
Theresa May bildirib ki, o gələn seçkiyədək postunda qalmaq niyyətindədir, lakin ondan sonra namizədliyini irəli sürməyəcək.