15 Dekabr 2018
Mətni dəyiş
Dekabrın 17-də saat 11:00-da Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəylinin şikayəti üzrə Apelyasiya məhkəməsi keçiriləcək.
Bu haqda vəkil Osman Kazımov məlumat verib. O xatırladıb ki, Səbail Rayon Məhkəməsi Əbülfəz Sadıqbəylinin barəsində seçilən həbs qətimkan tədbirin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı müraciəti əsassız olaraq təmin etməyib və bu qərardan şikayət verilib.
Ailə üzvlərinin verdiyi məlumata görə, Əbülfəz Sadıqbəylinin hüquqları həbsxanada da pozulmaqdadır. Müsavat fəalının öz yaxınları ilə görüşməsinə və telefonla danışmasına icazə verilmir.
Qeyd edək ki, noyabrın 21-də Səbail Rayon Məhkəməsi Əbülfəz Sadıqbəylinin barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. O, CM-nin 178 ( dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham olunur. Müsavat Partiyası ittihamın əsassız olduğunu və Sadıqbəylinin siyasi motivlə həbs edildiyini bəyan edib.