Qazaxstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov Azadlıq Radiosunun qazax şöbəsinin sualına cavab olaraq bildirib ki, Astana Çin səfirliyinə valideynləri Sincan vilayətində həbsdə saxlanılan qazax uşaqların video müraciəti ilə bağlı nota göndərib.
Bu video müraciət Çinin Sincan vilayətində müsəlmanlar və etnik azlıqlar üçün nəzərdə tutulmüş “yenidən tərbiyə düşərgələri”nin mövcud olmasına dair sübutlardan biridir.
Etnik qazaxların uşaqları valideynlərinin Çində səbəbsiz saxlanılması haqda video müraciət hazırlayıblar.
“Bizim bu haqda məlumatımız var. Çin tərəf də müəyyən iş aparır, danışıqlar gedir. Çinin Astanadakı səfirliyinə rəsmi nota göndərilib. Bizim Çindəki səfirlik tərəfindən də müəyyən tədbirlər görülür. Bəzi uşaqların valideynlərini biz tanıyırıq və onlara əsasən biz bu informasiyanı yoxlayırıq. Yoxladığımız məlumatların olduğu diplomatik nota artıq göndərilib və Çin tərəfindən onun dəqiqləşdirilməsini istəyirik.”, Smadiyarov deyib.
Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, Çinə sorğu göndərməzdən öncə nazirlik hüquq-mühafizə orqanları ilə birgə uşaqlar və valideynlər haqda məlumatları yoxlayıb.
“Bu uşaqlar arasında nazirliyə rəsmi müraciət etməyənlər də var. Yoxlama işini başlamaq üçün, biz onları rəsmi şəkildə bütün sənədləri və məlumatları təqdim etməyə çağırırıq”, Smadiyarov bildirib.
Lakin nazirlik yoxlamanın nə qədər vaxt ala biləcəyi ilə bağlı suala cavab verməkdə çətinlik çəkib.
Noyabrın 2-i Alma-Ata şəhərində Çinin Sincan vilayətindən gəlmiş köçkünlər Qazaxıstan hökümətini və beynəlxalq hüquq müdafiə təşkilatlarını uşaqların müxtəlif səbəblərə görə Çini tərk edə bilməyən valideynləri ilə qovuşmasına kömək etməyə çağırıblar. Köçkünlərin sözlərinə görə, onların bəziləri ya məcburi nəzarət altındadır, ya da ev dustağı kimi saxlanılır.
Çində azlıqların, o cümlədən etnik qazaxların təqib edilməsi və nəzarət altına alınması ilə bağlı xəbərlər 2017-ci ilin aprel ayından etibarən verilməyə başlayıb.
Çin hökuməti Sincanda "düşərgələrin" olduğunu etiraf etsə də, onları "professional təlim mərkəzləri" adlandırararaq, müsbət təsəvvür yaratmağa çalışır.