Macarıstan XİN-in başçısı Peter Siyarto çexiyalı həmkarı Tomaş Petrşiçeklə görüşündə Avropa Parlamentinin Macarıstan barəsində məhkəmə prosesinə başlamaq tövsiyəsini tənqid etdiyinə görə Çexiyanın Nümayəndələr Palatasına təşəkkür edib.
Brüssel Budapeşti Avropa İttifaqı (Aİ) dəyərlərini məhv etməkdə təqsirləndirir. İttihamlar Lissabon müqaviləsinin bəndlərindən birinə əsaslanır. İttiham hökmü Macarıstanı səs vermək hüququndan məhrum edə bilər.
Xatırladaq ki, Çexiya və Macarıstan V4 qrupu üzrə tərəfdaşdırlar. Hər iki ölkə miqrasiya kvotalarına mənfi münasibət bəsləyir. Hər ikisi BMT-nin Qlobal Miqrasiya Paktını imzalamaqdan imtina edib.
P.Siyarto deyib: “V4 Aİ daxilində öz maraqlarını müdafiə etməyi bacaran ən səmərəli siyasi birlikdir”.
Macarıstan naziri Praqada dünyanın müxtəlif ölkələrində xristianların təqib edilməsinə həsr olunmuş konfransda da iştirak edəcək.