Instagram rəsmiləri za_kadyrov_95 hesabını blok edib. Bu hesab Çeçenistanın rəhbəri Ramzan Kadırova aid idi. Hesabın qapadılmasının səbəbləri məlum deyil.
Yeni za_kadyrov_95 hesabı 2018-ci ilin iyul ayında yaradılıb. Qapadılan zaman hesabı 1,3 milyon adam izləyib.
Kadırovun əvvəlki Facebook və Instagram hesabları 2017-ci ilin dekabrın 23-də qapadılıb. O zaman Kadırovu 3 milyondan artıq insan izləyirdi. Çeçenistan rəhbərinin hesabları onun “Maqnitskinin siyahısı” çərçivəsində ABŞ sanksiyalarına məruz qalması səbəbilə bağlanıb.
Facebook nümayəndəsinin sözlərinə görə, şirkət Kadırovun hesabını qapamaq məcburiyyətində olub. Sanksiyalara əsasən, Amerika şirkətləri Kadırov ilə iş əməkdaşlığı etməməlidirlər.
Facebook-un bu addımlarına etiraz olaraq Çeçenistan parlamentinin sədri Maqomed Daudov və bütün deputatlar Instagram hesablarını siliblər.
Sosial şəbəkələrdə hesablarının silinməsindən sonra Kadırov Çeçenistanda yerli “Mylistory” adlı sosial şəbəkə yaradıldığını və orada onun hesabının olduğunu elan edib.