Parisdə Birinci Dünya Müharibəsində hərbi əməliyyatların başa çatmasından 100 il sonra 11-ci ayın 11-ci günündə saat 11-də Qərb cəbhəsinə ordu göndərən ölkələr də daxil olmaqla, dünyanın 70-dən çox ölkəsinin lideri Zəfər Tağı qarşısında mərasimə qatılaraq, müharibədə həyatını itirmiş milyonlarla insanın xatirəsini anıb.
Fransa prezidenti Emmanuel Makron Zəfər Tağı qarşısındakı Naməlum Əsgərin məzarı önündə əbədi məşəli alovlandırıb.
Mərasimdə söylədiyi nitqində Makron Avropada bir əsr əvvvəl qanlı müharibədə həyatlarını qurban vermiş insanlardan danışıb.
“Vətənpərvərlik millətçiliyin tam əksidir. Millətçilik vətənpərvərliyə xəyanətdir”-deyə, Makron bildirib.
“Köhnə iblislər xaos və ölüm yaymaq üçün ayılırlar. Tarix bəzən faciəli hadisələr təkrar etmkə və bizim əcdadlarımızın qanı bahasına əldə edilmiş sülhü təhlükə altına almaqla hədələyir”, Makron əlavə edib.
ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin mərasimə ən son qatılan liderlər olub. Onlar əl sıxışıb və Putin Trampın “Necəsiniz?” sualına baş barmağını qaldırmaqla cavab verib.
Fransa prezidenti bazar günü axşam Almaniya kansleri ilə sülh forumuna ev sahibliyi edəcək.
“Amerika birincidir” millətçi siyasətin müdafiəçisi olan Tramp foruma qatılmayacaq, lakin Putinin tədbirdə iştirak edəcəyi gözlənilir.
Birinci Dünya Müharibəsində döyüşən əsgərlər arasında sağ qalanı artıq yoxdur. Anım mərasimində məktəb şagirdləri onların 100 il öncə yazdıqları məktublardan hissələri oxuyublar.