Makedoniyanın adı ilə bağlı parlament qərar verəcək

Makedoniyanın adı ilə bağlı parlament qərar verəcək
2 Oktyabr 2018
Mətni dəyiş

Avropa Birliyi sentyabrın 30-da Makedoniyada keçirilmiş referendumun nəticələrini alqışlayıb. Səsverməyə qatılanların böyük əksəriyyəti Avropa Birliyinə və NATO-ya üzv olmaq naminə ölkənin adının dəyişdirilməsinə razılıq veriblər. Hərçənd, referenduma gələnlərin sayı yetərli olmayıb, seçicilərin cəmi 37 faizi iştirak edib. Səsvermənin baş tutmuş sayılması üçün seçicilərin 50 faizi referenduma qatılmalı idi.

Makedoniyanın AB üzvü olmaq yolunda qətiyyətli addım atması üçün «tarixi fürsət» yaranıb. Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Federika Moqerini və Avropa Komissiyasının üzvü, AB-nin genişləndirilməsi məsələlərinə cavabdeh Yohannes Hanın bəyanatında belə deyilir. Avropalı siyasətçilər bu məsələdə qəti qərarı verəcək Makedoniya parlamentini birlik ruhunda hərəkət etməyə çağırıblar.

Makedoniyanın bitmək bilməyən 'ad davası'

Makedoniya baş naziri Zoran Zaev səsverməyə qatılanların sayının az olmasına baxmayaraq, referendumu uğurlu sayıb və hamını xalqın iradəsinə sayğıyla yanaşmağa çağırıb. Onun sözlərinə görə, ölkənin rəsmi şəkildə necə adlandırılmasına parlament qərar verəcək. Bunun üçünsə deputatların üçdə ikisinin, yəni 120-dən 80-nin səsi lazımdır. İqtidar koalisiyasının parlamentdəki deputatlarının sayı 69-dur. Baş nazir bildirib ki, qərar qəbul edilməsə, ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək.

Müxalif qüvvələr Makedoniyanın adının dəyişdirilməsinə etiraz edirlər. Onlar referendumu boykot etməyə çağırmışdılar və indi də bəyan edirlər ki, vətəndaşların əksəriyyəti ölkəyə başqa ad qoyulmasının əleyhinədirlər. Boykota çağıranlar arasında rusiyayönümlü siyasətçilər də vardı.

Referendumda seçicilərə Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın «Şimali Makedoniya» adlandırılması ilə bağlı Yunanıstanla razılaşmanı təsdiqləmələri təklif olunurdu. Bu ölkənin NATO-ya, gələcəkdə AB-yə daxil olmasına imkan yaradacaq. İndiyədək inteqrasiyaya qonşu ölkənin adını tanımayan Yunanıstan imkan vermirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun