Jurnalistin cəsədi parkda tapılıb
Bolqarıstanda polis araşdırmaçı jurnalist Viktoriya Marinovanın qətlini araşdırır.
BBC Azərbaycan xidmətinin məlumatına görə, jurnalistin cəsədi şənbə günü Dunay çayı yaxınlığında Ruse şəhərindəki bir parkda tapılıb.
30 yaşlı jurnalistin ölümünün onun yerli televiziya stansiyası, TVN-dəki işi ilə əlaqəli olub-olmadığı hələ ki, məlum deyil.
İstintaq onun ölümünün şəxsi və ya peşə fəaliyyəti ilə bağlı olub, olmadığını araşdırır. Beynəlalq təşkilatlar jurnalistin ölümünü qınayıb.
"Bolqarıstanda araşdırmaçı jurnalist Viktoria Marinovanın dəhşətli qətlindən şok oldum ", Avropada Təhlükəsizlik və Əməkdaşlıq təşkilatının media azadlığı nümayəndəsi Harlem Desir "Twitter" sosial şəbəkəsində yazıb.
"Təcili olaraq tam və hərtərəfli araşrımaya çağırırıq, məsul şəxslər cavab verməlidirlər ", - deyə o yazıb.
Viktoriya Marinova 2017-ci ilin əvvəlindən bəri Avropa İttifaqında öldürülən dördüncü jurnalistidir.
2017-ci ilin avqustunda Kopenhagendə İsveç müxbir Kim Wall müsahibə almaq üçün görüşdüyü danimarkalı ixtiraçı Peter Madsen tərəfindən öldürülüb.
2017-ci ilin oktyabrında maltalı jurnalist Daphne Caruana Galizianın avtomobili evinin yaxınlığında partladılmışdı.
Bu ilin fevralında isə slovakiyalı jurnalist Jan Kuciak və nişanlısı Martina Kusnirova öldürülüb