Baş redaktoru DTX saxlayıb (yenilənib)

Baş redaktoru DTX saxlayıb (yenilənib)
27 Oktyabr 2018
Mətni dəyiş
"Dövlət Təhlükəsizlik Xidmətindən zəng etmişdilər. Jurnalist İkram Rəhimovun saxlanıldığını və onun vəkil olaraq məni tələb etdiyini bildirdilər. Təəssüf ki, Bakıda deyildim. Növbəti həftənin 1-ci günü İkram Rəhimovla görüşəcəm". *******

Realliq.info saytının redaktoru İkram Rəhimovun yeri bilinmir.

Bu haqda AzadlıqRadiosuna jurnalistin yaxınları danışıblar.

Onların dediyinə görə, bu gün, oktyabrın 26-da İkram Rəhimovu Azadlıq prospektində mülki geyimli şəxslər saxlayıblar. Onun naməlum istiqamətə aparıldığı bildirilir.

Hazırda İkram Rəhimovun telefonu cavab vermir. Hələlik, əlaqəli rəsmi qurumlardan redaktorla bağlı məlumat almaq mümkün olmayıb.

Bir qədər əvvəl isə o, özünün Facebook səhifəsində təqib edilməsi barədə məlumat yaymışdı.

“Turan” agentliyin məlumatına görə isə, redaktor bu gün, oktyabrın 26-da saat 14:40 radələrində zəng edib, BMW markalı 90 EM 525 nömrəli avtomobilini Masazır yolunda ağ rəngli Hyundai Sonata markalı avtomobildəki naməlum şəxslərin təqib etdiklərini bildirib.

İkram Rəhimov daha sonra “Turan” agentliyinin ofisinə gəlib.

O, agentliyin direktoru Mehman Əliyevlə danışıb.

Agentliyin xəbərinə görə, o deyib ki, Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun ünvanına tənqid yer alan açıq məktub dərc etdiyinə görə, təqib edilir. Həmin müraciət onun rəhbəri olduğu reallıq.info saytında bu gün, oktyabrın 26-da yayılıb.

Agentliyin xəbərində vurğulanır ki, hüquq-mühafizə orqanlarına müraciət etməkdən ötrü redaksiyadan çıxan İkram Rəhimovu S.Rəhimov küçəsində mülki geyimli 4 nəfər saxlayıb. Onların heç bir izahat vermədən redaktoru naməlum istiqamətə apardıqları qeyd edilir.

Ancaq bütün bu açıqlamalara, hələlik, nə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdan, nə də başqa rəsmi qurumlardan münasibət almaq mümkün olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun