"Dünən mən İlqar Məmmədovu Avropa İnsan Hüquqları Məhkəməsində hər iki iş üzrə mənimlə yanaşı təmsil etməyə razılıq verən tanınmış britaniyalı vəkilin işə qoşulması üçün zəruri sənədləri 2 saylı cəzaçəkmə müəssisəsinə göndərdim. Bu zaman birmənalı şəkildə göstərdim ki, bu, məhkum və onun müdafiəçisi arasında olan konfidensial yazışmadır.
2 saylı cəzaçəkmə müəssisəsində məktubu alar-almaz açıblar. Bu, bir pozuntudur. Bu gün məlum olub ki, İlqara həmin sənədləri verməyiblər", - vəkil Fuad Ağayev özünün Facebook səhifəsində yazıb.
Vəkil qeyd edir ki, buradakı müdafiəçilərinə təzyiqlər bir yana, xarici vəkil işə qoşulmamış hüquqlarını pozurlar.
Bu pozuntuları cəzaçəkmə müəssisəsi rəhbərliyinin öz təşəbbüsü ilə törətməsi az inandırıcı görünür.
Onun sözlərinə görə vəkil olaraq onun da hüquqları pozulur: "Özümlə gətirdiyim sənədlər (o cümlədən, konfidensial sənədlər) məndən alınır və İlqarla Avropa İnsan Hüquqları Məhkəməsindəki proseslərə hazırlaşmağımıza çətinlik yaradılır."
F. Ağayev bununla belə tövsiyə edir ki, cəzaçəkmə müəssisəsinin inzibati binasının ən azı koridorunda videokameralar quraşdırılsın, vəkillərin üzərində baxış-axtarış praktikasına son qoyulsun.
"Son vaxtlar baş verənlər bəzilərinin məni də hədəfə götürmələrinə dəlalət edir.
Penitensiar Xidmətə, Ədliyyə Nazirliyinə, Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə, Ombudsman aparatına üzümü tutaraq demək istəyirəm ki, İlqar Məmmədovun təhlükəsizliyi və hüquqlarının pozulması üçün tam məsuliyyəti bütövlükdə Azərbaycan höküməti daşıyır.
Qeyd edək ki, bir neçə gün əvvəl də analoji hadisə baş verib. Vəkil F. Ağayev vəkillik hüququnun pozulduğunu qeyd edib.