ABŞ paytaxtı Vaşinqtonun şəhər bələdiyyəsi Rusiya səfirliyinin qarşısındakı küçəyə qətlə yetirilmiş Rusiya müxalifət lideri Boris Nemtsovun adını verməyi planlaşdırır.
Moskva Vaşinqtonun bu niyyəti ilə bağlı şikayətini bildirib.
Yanvarın 9-da keçirilmiş iki ayrı-ayrı səsvermə ilə Vaşinqton şəhərinin bələdiyyə şurası Boris Nemtsov Plaza qanununu birinci oxunuşda qəbul edib və küçə adının dəyişdirilməsinə dair qanun yekdilliklə təsdiq olunub.
Qərara görə Wisconsin Avenue küçəsinin Rusiya səfirliyinin qarşısındakı sektoru Rusiyanın islahatçı siyasətçisi və prezident Vladimir Putinin qatı tənqidçisi Nemtsovun adını daşıyacaq. Nemtsov 2015-ciilin 27 fevralınada, Moskvada, Kreml divarlarının yaxınlığında güllələnərək qətlə yetirilib.
Bu da xəbər verilir ki, şəhər hakimiyyəti qərarın icrası üçün Nümayəndələr Palatasının Daxili İşlər Alt Komitəsinin razılığını almalıdır, lakin bu ad dəyişməsi barədə qərarın yazıldığı lövhə Nemtsovun ölümünün üçüncü ildönümü gününə qədər ucaldılacaq.
Şəhərin baş magistralının bir hissəsinin adının dəyişdirilməsi barədə qərar ABŞ Senatı və Konqresinə 2017-ci ildə təqdim olunsa da, hələlik səsə qoyulmayıb.
Senata təqdim edilmiş qanun layihəsində deyilir ki, Rusiya səfirliyi, konsulluğu və səfirin iqamətgahının yeni ünvanı Boris Nemtsov Plaza 1 adlanacaq.
Rusiya rəsmiləri keçmişdə bu addəyişmə ilə bağlı narazılıqlarını Amerika tərəfinə bildiriblər. Lakin Kremlin sözçüsü Dmitri Peskov yanvarın 10-da deyib ki, səfirliyin qarşısındakı küçənin nə adlanması şəhər bələdiyyəsinin özünə aid bir işdir.
Peskov bidlririb ki, “bu, şəhər hakimiyyətinin səlahiyyətində olan bir məsələdir, amma yumşaq deyilsə, iki ölkə arasında qarşılıqlı münasibətlərin heç də arzuolunan vaxtına təsadüf etmir”.
Rusiya müxalifətçisi və Boris Nemtsov Azadlıq Fondunun sədri Vladimir Kara-Murza özünün Facebook səhifəsində yazıb ki, şəhər bələdiyyəsinin qərarı fevralın 27-də qüvvəyə minəcək.
Moskvada Nemtsovun tərəfdarları onun qətlə yetirildiyi yerdə icazəsiz xatirə guşəsi qurublar, lakin bu guşə polis və naməlum şəxslər tərəfindən dəfələrlə dağıdılıb.
Nemtsovun bir vaxtlar Moskvada yaşadığı binanın divarına ötən sentyabrda vurulmuş xatirə lövhəsi isə şəhər rəsmiləri tərəfindən “qanunsuz” elan edilib və bir həftə sonra SERB adlanan kremlyönlü radikal qruplaşma tərəfindən sökülüb.
Ötən iyun ayında Moskva məhkəməsi Çeçenistandan olan 5 nəfəri Nemtsovun qətlində təqsirli bilərək 11 ildən 20 ilədək azadlıqdan məhrum edib.
Lakin Nemtsovun yaxınları inanırlar ki, onun qətli daha yuxarı səviyyədə sifariş edilib.