Ukrayna Ali Radası Rusiyanı işğalçı kimi tanıyan qanunu qəbul edib

Ukrayna Ali Radası Rusiyanı işğalçı kimi tanıyan qanunu qəbul edib
19 Yanvar 2018
Mətni dəyiş

Ukrayna parlamenti Donbasın reinteqrasiyasına dair mübahisəli qanunu qəbul edib. Prezident Poroşenko da daxil olmaqla bu qanunun tərəfdarları inanırlar ki, qanunvericilik aktı Rusiya tərəfindən dəstəklənən separatçıların nəzarətində olan ərazilərin Kiyevin idarəçiliyi altına gətirilməsinə kömək edəcək.

Çox sayda etiraz və nümayişlərə səbəb olmuş bu qanun 450 deputatlıq Verxovna Radada 280 səs leyhinə olmaqla qəbul edilib.

İndi qanun Poroşenko tərəfindən imzalanmalıdır. Ukrayna prezidenti qanunun qəbul edilməsini sosial mediada alqışlayıb və yazıb: “Biz işğal olunmuş Ukrayna torpaqlarının siyasi və diplomatik addımlarla reinteqrasiyasına yol açmaqda davam edəcəyik”.

Qanunda Rusiya “təcavüzkar”, separatçıların nəzarətində olan və ümumən Donbas kimi tanınan torpaqlar isə “müvəqqəti işğal olunmuş ərazilər” adlandırılır.

Bundan əvvəl 2014-cü ildə Krımın ilhaqına dair qanunda da məhz bu terminlərdən istifadə edilmişdi.

Poroşenko Tvitterdə yazıb ki, bu qanunun qəbulu Donbas və Krıma siqnaldır: “Siz Ukraynanın ayrılmaz hissəsisiniz”.

Qanunda Avropa tərəfindən dəstəklənən və Minsk razılaşması adlandırılan sazişdən söhbət getmir. Bu, 2015-ci ildə əldə olunmuş razılaşmaların sonrakı taleyini sual altında qoyur.

Minsk razılaşmalarına görə Kiyev separartçıların nəzarətində olan ərazilərə nəzərəçarpacaq muxtariyyət verməyə boyun olmuşdu. Məhz bu məqam Ukrayna siyasətçilərinin bir çoxu tərəfindən tənqid edilirdi.

Ukraynanın şərqindəki separatçılar və Moskvadakı siyasətçilər Radada qəbul olunmuş qanunun Minsk paktını sarsıdacağını söyləyirlər. Minsk razılaşmasının tam tətbiq olunması Moskva üzərindəki ABŞ və Avropa sanskiyalarının qaldırılması üçün əsas şərt sayılırdı.

Rusiya parlamentinin yuxarı palatası – Federasiya Şurası xarici əlaqələr komitəsinin sədri Konstantin Kosaçov deyib ki, “Kiyev Minsk razılaşmasına qarşı sabotajdan bu sazişin məhvinə doğru addım atıb”.

Minsk sazişinə dair müddəalar uzun debatlardan sonra Ukraynada qəbul edilmiş qanundan ümumiyyətlə çıxarılıb.

Yeni qanun separatçı şərqin ticarət və nəqliyyat blokadasını tam dəstəkləyir. Bu qanunda qeyd olunur ki, Ukrayna separatçı regionların yalnız iki növ sənədini – doğum və ölüm haqqında şəhadətnamələrini tanıyır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun